TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Qubadlının işğalından 24 il keçir
Azərbaycan Respublikasının Qubadlı rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 24 il keçir. 1993-cü il avqustun 31-də ermənilər Qubadlını işğal etməklə Azərbaycan iqtisadiyyatına milyonlarla manat ziyan vurdular. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət 10-dan çox iridiametrli ağac təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Rayonda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-dək mədəni-maarif müəssisəsi olub, 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib. Qubadlı rayonunun sakinləri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq işğalın son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşüblər. Silaha sarılan qubadlılılara mərkəzdən heç bir kömək gəlməsə də, onlar doğma yurdlarını var qüvvələri ilə qoruyublar. Lakin Cəbrayıl və Füzulinin işğalından sonra Qubadlı tamamilə təklənib və müdafiəsiz qalıb. Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub. Yüz nəfərə qədər insan itkin düşüb və girov götürülüb. Yüzlərlə döyüşçü və mülki əhali yaralanıb, əlil olub. Əhalinin yurd-yuvası talanıb, Qubadlı şəhəri və 94 kənd yerlə-yeksan edilib. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hazırda Qubadlının 35 mindən çox əhalisi Azərbaycanın 40-dan çox şəhər və rayonunda məskunlaşıb. İyirmi iki mindən çox qubadlılı məcburi köçkün soydaşımız isə Sumqayıtda yaşayır. Azərbaycan dövləti Qubadlıdan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb.
 
Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin 25 illiyi: tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı hazırladığı məqalədə ölkələrimizin müstəqillik illərində tarixi dostluqdan strateji müttəfiqliyə gedən yolda qazandığı uğurlardan bəhs olunur. AZƏRTAC məqaləni təqdim edir. Ortaq soykökü, birgə tarix, mədəni və dini dəyərləri bölüşən Azərbaycan və Qazaxıstan müasir dövrdə Avrasiya məkanında müstəqil siyasət yeridən lider dövlətlərdir. Hər iki ölkə mühüm geostrateji mövqeyə, zəngin enerji resurslarına malikdir, enerji və nəqliyyat qovşaqlarının üzərində yerləşir və tarixən harmonik multikultural mühitlə fərqləniblər. Xəzər dənizinin şərq sahilində yerləşən Qazaxıstan Azərbaycan üçün Şərqə doğru mühüm dəhliz, Azərbaycan isə Mərkəzi Asiya ölkələri üçün Qərbə açılan qapıdır. Bir çox analitiklər Avrasiya regionunda strateji əhəmiyyətinə görə Qafqaz, Mərkəzi Asiya və Balkanları bərabər tuturlar. Bu bölgələr geosiyasi çəkisinə, eləcə də fərqli sivilizasiyaların kəsişmə mövqeyində yerləşməsindən irəli gələn coğrafi əhəmiyyətinə görə fərqlənirlər. Təsadüfi deyil ki, qlobal geosiyasi mühitdə transformasiyaların getdiyi yeni dünya nizamında hər üç region qaynar bölgə hesab olunur və bu bölgələrdə etnik-dini münaqişələr davam edir. Buna görə də geosiyasi cəhətdən bu qədər həssas regionlarda milli maraqlara söykənən müstəqil siyasət yeritmək olduqca çətindir. Sovetlər İttifaqının dağılmasından sonra əsrin dörddəbirini geridə qoyan Azərbaycanın və Qazaxıstanın müstəqil dövlət olaraq formalaşmasının ağırlığı, ilk növbədə, siyasi liderlərin çiyinlərinə düşmüşdür. Məhz Heydər Əliyev dühasının və Nursultan Nazarbayevin uzaqgörən siyasəti hesabına hər iki respublika beynəlxalq aləmdə müstəqil dövlət kimi mövqelərini ortaya qoya bildilər. Ümumiyyətlə, hər bir xalqın həyatında taleyüklü şəxsiyyətlərin mühüm rolu olmuşdur. Əgər ingilislər üçün bu şəxsiyyət Uinston Çörçill, amerikalılar üçün Corc Vaşinqton, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Otto fon Bismark, ruslar üçün I Pyotr, çinlilər üçün Mao Tsze Dun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün ulu öndər Heydər Əliyev, qazaxlar üçün isə Nursultan Nazarbayevdir. Hər iki lider, eyni zamanda, türk dünyasının inteqrasiyası yolunda da tarixi missiyaları ilə yaddaşlara yazılıb. 2017-ci il Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illik tarixi ilə əlamətdardır. Bu 25 illik tarixi dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Nursultan Nazarbayevin əsasını qoyduqları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilən dostluq və qardaşlıq əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2005-ci ildə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalamaqla ölkələrimiz təbii strateji tərəfdaşlığını rəsmiləşdirmişdir. Hazırda Azərbaycan ilə Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Ali və yüksək səviyyədə davamlı olaraq qarşılıqlı səfərlər, müxtəlif tədbirlərdə görüşlər həyata keçirilir. Sonuncu dəfə cari ilin aprel ayında Qazaxıstan Respublikası Prezidentinin Azərbaycana baş tutmuş rəsmi səfəri münasibətlərimizin daha da dərinləşməsinə və konkret sahələr üzrə yeni əməkdaşlıq sahələrinin müəyyənləşməsinə güclü təkan vermişdir. Hər iki ölkə ikitərəfli müstəvidə olduğu kimi, beynəlxalq və regional təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləyir. Hətta fərqli siyasi və iqtisadi birliklərdə təmsil olunsalar belə qarşılıqlı dəstəyi nümunəvi adlandırmaq doğru olar. Bu mənada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Qazaxıstanın göstərdiyi prinsipial mövqe olduqca böyük əhəmiyyət daşıyır. Nursultan Nazarbayevin Moskvada keçirilən Avrasiya Ali İqtisadi Şurasının zirvə görüşündə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması zamanı bu ittifaqın sərhədlərinin dəqiqləşdirilməsinin vacibliyi ilə bağlı nümayiş etdirdiyi mövqe bütün Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni hərbi qüvvələrinin təxribatı nəticəsində baş verən hadisələr zamanı Qazaxıstan ictimaiyyətinin sosial şəbəkələr və mətbuat vasitəsilə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi iki qardaş xalqın hisslərinin təbii ifadəsi kimi qəbul olunur. Azərbaycan və Qazaxıstan artıq dünya miqyasında etibarlı tərəfdaş kimi tanınırlar. Müxtəlif beynəlxalq layihələrin iştirakçısı və müəllifi olan ölkələrimiz daim öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Buna görə də hər iki ölkəyə qlobal müstəvidə böyük inam və etimad vardır. Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, Qazaxıstanın isə 2017-2018-ci illərdə bu mötəbər mövqeyə layiq görülməsi ölkələrimizə böyük inamın bariz nümunəsidir. Bu, cəmi 25 il ərzində beynəlxalq münasibətlər sisteminin müstəqil üzvü olan iki qardaş dövlətin zəfəridir. Hər iki ölkə türkdilli xalqların inteqrasiyası istiqamətində də birgə addımlayır. Azərbaycan Qazaxıstan, Türkiyə və Qırğızıstanla birgə 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşü zamanı əsası qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsisçisidir. Eyni zamanda, ölkələrimiz türkdilli ölkələr arasında parlament diplomatiyasının, elmi, mədəni əməkdaşlığın gücləndirilməsini ortaq tədqiqatların və layihələrin həyata keçirilməsini istiqamətləndirən Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası çərçivəsində fəal iştirakçılardır. Fikrimcə, Qazaxıstanda latın qrafikasına keçidlə bağlı qəbul edilən qərar humanitar sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəkdir. Türk Şurasının artıq 3 üzvünün latın qrafikasında əlifba sistemindən istifadəsi gələcək nəsillərin qarşılıqlı anlaşmasını daha da intensivləşdirməyə xidmət edəcəkdir. Azərbaycan və Qazaxıstan bütün dünyada fərqli dəyər daşıyıcılarının birgəyaşayışının uğurlu nümunəsi kimi tanınırlar. Şərqlə Qərbin, Şimalla Cənubun, İslamla xristianlığın kəsişməsində yerləşən Azərbaycan və Qazaxıstan müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini özündə birləşdirir. Hər iki ölkədə çoxmillətli və çoxkonfessiyalı cəmiyyət mövcuddur. Digər tərəfdən, artıq dünyada monokultural və monoetnik cəmiyyət və ölkə anlayışı qəbul olunmur. Bəşəriyyət yalnız fərqliliklərin dəyərlərinə hörmət etməklə inkişaf edə bilər. Müasir dünyanın daha çox müxtəlif dinlərin, mədəniyyətlərin və ümumilikdə fərqliliklərin toqquşması ilə müşayiət olunduğunu nəzərə aldıqda, tolerantlıq və harmoniyaya söykənən bir həyat tərzinin dövlət siyasəti kimi dünyada təqdimatı olduqca aktualdır. Hazırda dünyada mədəniyyətlərin barışmazlığı, İslam aləmində müxtəlif məzhəb və təriqətlər arasında mübarizənin artması, Qərb-İslam münasibətlərinin kəskinləşməsi və müxtəlif fobiyaların güclənməsi fonunda həm Azərbaycan, həm də Qazaxıstan mədəniyyətlərarası dialoqa töhfə vermək üçün addımlar atır. 2011-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. 2016-cı ildə isə Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmişdir. Bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirilmiş, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Qazaxıstanda da Dünya və Ənənəvi Din Liderlərinin qurultayları, Mənəvi Mədəniyyət üzrə Dünya Forumu kimi dinlər və sivilizasiyalararası dialoqa çağırış edən mötəbər tədbirlər keçirilir. Bütün bunlar ölkələrimizin dünyada sülh, barışıq və birliyə çağırışının göstəricisidir. Həm Azərbaycan, həm də Qazaxıstan “həmrəylik nümunəsini” bütün dünyaya, o cümlədən İslam aləminə çatdırır. Yüksək səviyyəli siyasi münasibətlərimiz iqtisadi əməkdaşlığımızın daha da dərinləşdirilməsinə yeni imkanlar açır. Xəzər dənizinin əks sahillərində yerləşən Azərbaycan və Qazaxıstanın tranzit mövqeyi və müvafiq kommunikasiya infrastrukturu Şərq-Qərb nəqliyyat dəhlizində ölkələrimizə üstün mövqe qazandırır. Hazırda Qazaxıstan öz neftini Bakı-Tbilisi-Ceyhan kəməri, eləcə də dəmir yolu vasitəsilə Avropaya nəql edir. Hər iki ölkə qarşılıqlı investisiya qoyuluşunda maraqlıdır. Statistik göstəricilərə əsasən, indiyədək Azərbaycandan Qazaxıstana 195 milyon ABŞ dolları, Qazaxıstandan Azərbaycana isə 68 milyon ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Keçən il iki ölkə arasında qeydə alınan 125 milyon dollarlıq ticarət dövriyyəsinin yaxın gələcəkdə bir neçə dəfə artırılması proqnozlaşdırılır. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Qazaxıstanda Aktau limanının yenidən qurulması Şərq-Qərb nəqliyyat dəhlizində ölkələrimizin qarşısında yeni imkanlar açır. Bundan əlavə, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra dəfələrlə artacaqdır. Azərbaycan və Qazaxıstanın strateji coğrafi mövqeyi ölkələrimizin iqtisadi əlaqələrinin çoxvektorlu olmasına şərait yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Xəzərdən Avropaya doğru, Qazaxıstandan şərqə doğru neft və dəmir yolu xətləri isə Çin istiqamətində vahid dəhliz yaradır. Yeni minillikdə Çinin irəli sürdüyü və həyata keçirməyə başladığı “İpək Yolu İqtisadi Kəməri”nin Şərqlə Qərb arasında ən böyük qovşaq olması gözlənilir. “Bir kəmər-bir yol” təşəbbüsü adlandırılan bu dəhliz Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın yeni istiqamətləri üçün mühüm perspektivlər vəd edir. Beləliklə, diplomatik münasibətlərin qurulduğu 25 il ərzində iki qardaş və dost ölkə olan Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası siyasi, iqtisadi, ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışlar. Türk dünyasının bu iki yüksələn ulduzu gündən-günə bütün dünyada böyük hörmətlə qarşılanır və etibarlı tərəfdaş kimi tanınır. Əsrin dörddəbiri ərzində keçilən yol qarşıdakı 25 ildə daha uğurlu əməkdaşlıq vəd edir.
 
Mehriban Əliyeva: Mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü ilə əlaqədar çoxsaylı təbrik məktubları alıb. Mehriban xanım ona səmimi sözlər ünvanlayanların, xoş arzular bildirənlərin hamısına müraciət edərək dərin minnətdarlığını ifadə edib. AZƏRTAC Mehriban xanım Əliyevanın müraciətini təqdim edir. Müraciətdə deyilir: “Əziz dostlar, Bu günlərdə mənim ünvanıma doğum günü münasibətilə təbriklər daxil olur. Mənə bizim həmvətənlərimiz, müxtəlif nəsillərdən və peşələrdən olan insanlar yazırlar. Mən, həmçinin xaricdən təbriklər alıram. Səmimi təbriklərə və uğurlar arzularına görə hamıya ürəkdən təşəkkür edirəm. Əziz dostlar, Belə bir gündə sizin səmimiyyətinizi bir daha hiss etmək mənə çox xoşdur. Mən sizin səmimi təbriklərinizdən çox təsirlənmişəm. Bu, həqiqətən ruhlandırır və müsbət, yaradıcı enerji verir. Mənim hər zaman hiss etdiyim rəğbətinizə, sevgi və dəstəyinizə görə çox sağ olun. Mən sizinlə bizim ümumi potensialımıza, insan kapitalımıza inanıram, mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram. Göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkür edirəm. Sizin hamınıza, yaxınlarınıza və sizə əziz olan insanlara cansağlığı, uğurlar, səadət və rifah, Vətənimizə isə sülh və tərəqqi arzu edirəm. Səmimiyyətlə, Mehriban Əliyeva”
 
Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal ediblər. AZƏRTAC xəbər verir ki, hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib. Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib. Yağı düşmən tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri - Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. Füzuli aqrar rayonu olduğundan işğal nəticəsində dəyən ziyan milyardlarla manat ölçülür. Cəbrayılda da üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş sahələr olduğuna görə dəyən ziyanın həcmi böyükdür. Bu rayonda 14 mindən çox daşınmaz əmlak, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altındadır. Ermənilər Cəbrayıl rayonunun da mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələrini, yeraltı sərvətlərini, zəngin su mənbələrini dağıdaraq məhv edib, meşələri yandırıb, bu yurdun rəmzinə çevrilən Xan çinarları kəsiblər. Hər iki rayon ağır döyüşlərdə minlərlə şəhid verib. Füzuli rayonundan 8, Cəbrayıl rayonundan isə 6 nəfər erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hazırda Füzuli və Cəbrayıldan olan məcburi köçkün soydaşlarımız Azərbaycanın 50-dən çox şəhər və rayonunda məskunlaşıblar. Onlar dövlətin tam qayğısı ilə əhatə olunublar.
 
Özbəkistan qəzeti Azərbaycan haqqında yazır
Daşkənddə özbək dilində nəşr edilən “Darakçi” qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub. Qəzetin baş redaktoru, tanınmış jurnalist və tərcüməçi, Azərbaycan ədəbiyyatının yaxın dostu Rüstəm Cabbarovun yazdığı məqalədə ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verilir. Məqalədə, həmçinin Azərbaycan mədəniyyəti, tarixi, eləcə də İçərişəhər, qədim Gəncə və Bərdə şəhərləri, Qobustan, Atəşgah haqqında söhbət açılır. Müəllif İçərişəhərlə Özbəkistanın qədim Xivə şəhərindəki İçan Kalanı müqayisə edir. Bildirilir ki, qədimdə hər iki məkan eyni məqsədə xidmət edib, hazırda həm İçərişəhərdə, həm də İçan Kalada insanlar yaşayır. Vurğulanır ki, müasir Bakı Şərq və Qərb mədəniyyətini, memarlıq üslubunu özündə cəmləşdirən bir meqapolisdir. Məqalə qəzetin saytında da yerləşdirilib. Xatırladırıq ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə özbək jurnalistləri və yazarlar üçün “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində iyulun 17-dən 24-dək Özbəkistanın jurnalist və yazarlarının Azərbaycana mediaturu təşkil olunub. Onlar artıq təəssüratlarını mətbuatda bölüşürlər. Layihəyə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Özbəkistandakı səfirliyimiz, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərib.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 1 > 1709
  TKA 2008