TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı cüdo üzrə VI respublika turniri keçirilir
Bakı, 9 dekabr, AZƏRTAC Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə VI respublika turniri keçirilir. Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda ilk günün qalibləri müəyyənləşib. Oğlanların yarışında Amin İsayev (30 kq), Həsən Əhmədov (34 kq), Rəhim Mirzəyev (38 kq) və Əli Hacıyev (42 kq) çempionluq sevinci yaşayıblar. Qızların mübarizəsində isə Züleyxa Nağıyeva (28 kq), Xumar Qasımzadə (32 kq), Fidan Qasımova (36 kq) və Nigar Şahməmmədova (40 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xatırladaq ki, turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Yevlax, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmə cüdoçuları mübarizə aparırlar. Çempionatda 39 komandadan 563 cüdoçu çıxış edir.
 
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dekabrın 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti dövlətimizin başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib. Dövlət başçıları ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Eyni zamanda, dövlət başçıları Türkiyə və Azərbaycanın İslam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər. Prezident İlham Əliyev Türkiyə Prezidentinin növbəti dəfə İslam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.
 
Balaca türkiyəli uşağın hekayəsi dünyada məşhur olub
Bakı, 9 dekabr, AZƏRTAC İsveçli məşhur uşaq ədəbiyyatı yazıçısı Asa Lindin “Dinozavr yumurtası” kitabı Avropa və Çin də daxil olmaqla bir çox ölkələrdə böyük maraqla qarşılanıb. AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, dörd yaşlı türk vətəndaşı Önal Erendizin yazıçıya açdığı kiçik “sirr”dən bəhs edən kitab qısa müddət ərzində xeyli sayda oxucu sevgisi qazanıb. Yazıçı həmin günləri belə xatırlayır: “Təxminən 6 il əvvəl bir tədbirdə Önal Erendiz adlı balaca uşaq mənə yaxınlaşaraq “Sizə danışacaq bir sirrim var" deyib qulağıma öz hekayəsini danışdı. Mən də onu qələmə aldım. Bir yazıçı üçün ən qiymətli hədiyyə, heç şübhəsiz, bir uşaqdan aldığı hekayədir”. Hekayə balaca Önalın yeni dünyaya gələcək qardaşı ilə bağlı xəyallarından bəhs edir.
 
XİN: Fransanın qondarma rejimlə qanunsuz sənədlər imzalayan yerli orqanlara münasibətdə zəruri addımlar atacağını gözləyirik
Bakı, 21 noyabr, AZƏRTAC ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik. Bunu AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev deyib: “Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən erməni lobbi dairələri və Ermənistan bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməyə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmağa çalışır. Sözügedən məsələ ilə əlaqədar Fransanın Azərbaycandakı səfiri ilə XİN-də görüş keçirilib. Azərbaycan Respublikasının Fransadakı səfirliyinin isə bu gün Fransa XİN-də görüşü nəzərdə tutulub. Təəssüflə qeyd edirik ki, Ermənistan Respublikasının diplomatik pasportu ilə səyahət edən Bako Saakyanın Avropa İttifaqının ərazisinə daxil olması Şenqen viza qaydalarının ciddi pozulması ilə müşayiət olunmasına və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib. 2015-ci il iyulun 2-də Fransa hökuməti tərəfindən xarici işlər və daxili işlər nazirlikləri səviyyəsində yerli prefekturalar və ali komissarlara sirkulyar təlimat göndərilib. Həmin təlimatda yerli özünü idarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edilir və mərkəzi hakimiyyətin siyasətinə və Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulur. Fransa tərəfinin bu təlimatdan çıxış edərək Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə qanunsuz sənədlər imzalayan yerli orqanlara münasibətdə zəruri addımlar atacağını gözləyirik. Son dövrlərdə Avropa İttifaqı üzv ölkələrinin də üzləşdiyi problemləri nəzərə alaraq, təhlükəli separatizm meyllərinin qarşısının alınması və dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə əlaqədar vahid və birmənalı siyasətin yürüdülməsi mütləq şəkildə zəruridir”.
 
Türkiyənin Uşak Universitetində Molla Pənah Vaqifin yubileyi qeyd olunub
İstanbul, 21 noyabr, АZƏRTAC Türkiyənin Uşak Universitetində (UU) XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ictimai və siyasi xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim və onun haqqında yazılan kitabların təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərarı ilə 2017-ci ilin “Molla Pənah Vaqif İli” elan olması çərçivəsində UU və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşan mərasimdə rəsmi şəxslər, yerli ictimaiyyətin görkəmli nümayəndələri, azərbaycanlı tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər. Uşak Universitetinin rektoru, professor Sayın Dalqıran, Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı və başqaları Molla Pənah Vaqifin həyat və yaradıcılığından danışıblar. Çıxışçılar Molla Pənah Vaqif yaradıcılığının bənzərsizliyi, şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyəti barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində tarixi şəxsiyyətlərin, o cümlədən görkəmli ədəbiyyatçıların dünyada tanıdılmasına və adlarının əbədiləşdirilməsinə böyük diqqət göstərilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması barədə məlum Prezident Sərəncamı əsasında görülən işlər buna bariz nümunədir. TÜRKSOY-un qərarı ilə 2017-ci ilin “Molla Pənah Vaqif İli” elan olunması və əsərlərinin dünya dillərinə tərcümə edilməsi Vaqif şəxsiyyətinin tərənnüm edilməsinə və gənc nəsillərə tanıdılmasına böyük bir töhfədir. Sonra Molla Pənah Vaqifin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Mərasim bədii proqramla davam edib. Molla Pənah Vaqifə həsr olunan əsərlər iştirakçılara paylanıb.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 4 > 1714
  TKA 2008