TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Mehriban Əliyeva: Mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü ilə əlaqədar çoxsaylı təbrik məktubları alıb. Mehriban xanım ona səmimi sözlər ünvanlayanların, xoş arzular bildirənlərin hamısına müraciət edərək dərin minnətdarlığını ifadə edib. AZƏRTAC Mehriban xanım Əliyevanın müraciətini təqdim edir. Müraciətdə deyilir: “Əziz dostlar, Bu günlərdə mənim ünvanıma doğum günü münasibətilə təbriklər daxil olur. Mənə bizim həmvətənlərimiz, müxtəlif nəsillərdən və peşələrdən olan insanlar yazırlar. Mən, həmçinin xaricdən təbriklər alıram. Səmimi təbriklərə və uğurlar arzularına görə hamıya ürəkdən təşəkkür edirəm. Əziz dostlar, Belə bir gündə sizin səmimiyyətinizi bir daha hiss etmək mənə çox xoşdur. Mən sizin səmimi təbriklərinizdən çox təsirlənmişəm. Bu, həqiqətən ruhlandırır və müsbət, yaradıcı enerji verir. Mənim hər zaman hiss etdiyim rəğbətinizə, sevgi və dəstəyinizə görə çox sağ olun. Mən sizinlə bizim ümumi potensialımıza, insan kapitalımıza inanıram, mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram. Göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkür edirəm. Sizin hamınıza, yaxınlarınıza və sizə əziz olan insanlara cansağlığı, uğurlar, səadət və rifah, Vətənimizə isə sülh və tərəqqi arzu edirəm. Səmimiyyətlə, Mehriban Əliyeva”
 
Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal ediblər. AZƏRTAC xəbər verir ki, hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib. Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib. Yağı düşmən tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri - Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. Füzuli aqrar rayonu olduğundan işğal nəticəsində dəyən ziyan milyardlarla manat ölçülür. Cəbrayılda da üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş sahələr olduğuna görə dəyən ziyanın həcmi böyükdür. Bu rayonda 14 mindən çox daşınmaz əmlak, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altındadır. Ermənilər Cəbrayıl rayonunun da mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələrini, yeraltı sərvətlərini, zəngin su mənbələrini dağıdaraq məhv edib, meşələri yandırıb, bu yurdun rəmzinə çevrilən Xan çinarları kəsiblər. Hər iki rayon ağır döyüşlərdə minlərlə şəhid verib. Füzuli rayonundan 8, Cəbrayıl rayonundan isə 6 nəfər erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hazırda Füzuli və Cəbrayıldan olan məcburi köçkün soydaşlarımız Azərbaycanın 50-dən çox şəhər və rayonunda məskunlaşıblar. Onlar dövlətin tam qayğısı ilə əhatə olunublar.
 
Özbəkistan qəzeti Azərbaycan haqqında yazır
Daşkənddə özbək dilində nəşr edilən “Darakçi” qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub. Qəzetin baş redaktoru, tanınmış jurnalist və tərcüməçi, Azərbaycan ədəbiyyatının yaxın dostu Rüstəm Cabbarovun yazdığı məqalədə ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verilir. Məqalədə, həmçinin Azərbaycan mədəniyyəti, tarixi, eləcə də İçərişəhər, qədim Gəncə və Bərdə şəhərləri, Qobustan, Atəşgah haqqında söhbət açılır. Müəllif İçərişəhərlə Özbəkistanın qədim Xivə şəhərindəki İçan Kalanı müqayisə edir. Bildirilir ki, qədimdə hər iki məkan eyni məqsədə xidmət edib, hazırda həm İçərişəhərdə, həm də İçan Kalada insanlar yaşayır. Vurğulanır ki, müasir Bakı Şərq və Qərb mədəniyyətini, memarlıq üslubunu özündə cəmləşdirən bir meqapolisdir. Məqalə qəzetin saytında da yerləşdirilib. Xatırladırıq ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə özbək jurnalistləri və yazarlar üçün “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində iyulun 17-dən 24-dək Özbəkistanın jurnalist və yazarlarının Azərbaycana mediaturu təşkil olunub. Onlar artıq təəssüratlarını mətbuatda bölüşürlər. Layihəyə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Özbəkistandakı səfirliyimiz, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərib.
 
“Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin qalibləri Azərbaycan və Rusiya komandaları olub
Avqustun 10-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin iştirakı ilə keçirilən müsabiqənin bütün mərhələ və epizodlarının yerinə yetirildiyi bildirilib. Hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisinin və Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər. İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket kateri 234 balla ikinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.
 
Prezident Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan Azərbaycanı qardaş dövlət sayır
Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur. Bizim müasir infrastrukturumuz var və söhbət nəinki Avrasiya və regiondan gedir, mən söyləyə bilərəm ki, bütün dünyada ölkələrimiz məhz enerji daşıyıcılarının istehsal həcminə görə lider mövqeyindədir. Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik. AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda mətbuata bəyanatında bildirib. Dövlət başçısı danışıqlar zamanı iki ölkə arasında geniş mədəni, humanitar, elmi, təhsil və idman əlaqələrinin daha da inkişafı və həvəsləndirilməsi üzərində ümumi razılıq əldə olunduğunu bildirib. Prezident Türkmənistan nümayəndə heyətinin bugünkü görüşlərin nəticələrini yüksək dəyərləndirdiyini, yekun olaraq, böyük ikitərəfli sənədlər paketinin imzalandığını vurğulayıb. “Türkmənistan Azərbaycan ilə münasibətlərinə xüsusi əhəmiyyət verir, onu qardaş dövlət sayır. Ölkələrimiz və xalqlarımız əsrlər boyu formalaşmış yaxşı qonşuluq, ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər ənənələri ilə bağlıdır. Biz bu irsi xüsusi olaraq qoruyub saxlayırıq, ona müasir reallıqlar ruhunda yeni məzmun gətiririk. Qarşımızda duran əsas məqsəd ənənələrimizin və ən ülvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir”, - deyə Prezident Qurbanqulu Berdiməhəmmədov qeyd edib.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 7 > 1714
  TKA 2008