TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Pekində AZƏRTAC və Sinxua xəbər agentliklərinin rəhbərləri tərəfdaşlığın inkişafı istiqamətlərini müzakirə ediblər
Azərbaycanın və Çinin milli xəbər agentlikləri olan AZƏRTAC və Sinxua arasında dinamik inkişaf edən əlaqələr iyunun 1-də imzalanacaq əməkdaşlıq Sazişi ilə daha da genişlənəcək və yeni mərhələyə qədəm qoyacaq. AZƏRTAC xəbər verir ki, bu fikir mayın 31-də Pekində Sinxuanın baş ofisində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun bu agentliyin prezidenti Çay Mincao ilə görüşündə səslənib. Azərbaycan və Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Aslan Aslanov dövlət rəhbərlərinin bütün sahələrdə qarşılıqlı əməkdaşlığa böyük önəm verdiklərini bildirib. “AZƏRTAC və Sinxuanı uzun illərdir sıx tərəfdaşlıq münasibətləri bağlayır və iyunun 1-də Şanxay Əməkdaşlıq Təşkilatının birinci media forumunda iki agentlik arasında imzalanacaq Saziş əlaqələrimizin daha da genişlənməsinə mühüm töhfə olacaq”, - deyə Aslan Aslanov vurğulayıb. Məlumat verilib ki, AZƏRTAC-da Çin dilində informasiya redaksiyası fəaliyyət göstərir. Bakıda Konfutsi İnstitutu ilə birgə agentliyin jurnalistləri üçün Çin dili kursları keçirilir. İndiyədək 50-dən artıq əməkdaş bu təlimlərdə iştirak edib. Qeyd olunub ki, ötən müddətdə iki agentlik bir sıra müştərək layihələr həyata keçirib. Bakıda Sinxua ilə birgə fotosərgi təşkil olunub, Pekində AZƏRTAC-ın saytının Çin dilində versiyasının təqdimatı keçirilib. Görüşdə hər iki agentliyin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq media qurumları çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib. Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC ilə OANA-nın büro üzvü olan Sinxuanın bu təşkilatın çərçivəsində əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycanın son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bəşəriyyəti düşündürən problemlərə dair çox səmərəli müzakirələrin aparıldığı məkana çevrildiyini deyən AZƏRTAC-ın İdarə Heyətinin sədri Sinxuanın rəhbərini bu il oktyabrın 4-6-da keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün ölkəmizə səfərə dəvət edib. AZƏRTAC ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini, iyunun 1-də imzalanacaq Sazişin əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük perspektivlər açdığını vurğulayan Sinxua agentliyinin prezidenti Çay Mincao sənədin informasiya mübadiləsi ilə yanaşı, birgə layihələrin həyata keçirilməsi üçün də yaxşı zəmin yaradacağını qeyd edib. “Əlaqələrimizin genişlənməsi üçün əlimizdən gələni edəcəyik. Biz agentliyimizin Azərbaycandakı fəaliyyətinə verdiyi dəstəyə görə sizə minnətdarıq. Sinxua OANA-dakı iştirakına böyük diqqət yetirir və AZƏRTAC-ın sədr kimi təşkilatın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir. Bu istiqamətdə AZƏRTAC-ın təşəbbüslərini bundan sonra da dəstəkləməyə hazırıq”, - deyə Çay Mincao vurğulayıb. Görüşdə Çinin “Bir kəmər - bir yol” strategiyası çərçivəsində Azərbaycanın Çindən Avropaya doğru nəqliyyat dəhlizinin inkişafına verdiyi töhfələrdən danışılıb, bu iri layihələr haqqında məlumatların daha geniş yayılması üçün Sinxua tərəfindən yaradılan alyansa AZƏRTAC-ın qoşulması, vahid informasiya bazasından birgə istifadə haqqında səmərəli fikir mübadiləsinin davam etdirilməsi qərara alınıb. Eyni zamanda, agentlik rəhbərləri informasiya mübadiləsi, OANA-nın fəaliyyətinin yeni səviyyəyə qaldırılması, qurumun Asiya və Sakit Okean regionunun mediası qarşısında duran çağırışların həlli yollarının tapılması və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə müzakirələr aparıblar.
 
Uels şahzadəsi Çarlz Londonda AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb
London, 17 may, AZƏRTAC Londonun dünyada məşhur olan "Tate Britain" incəsənət qalereyasında Böyük Britaniyanın Press Association informasiya agentliyinin 150 illiyi münasibətilə təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirə Böyük Britaniyanın Reuters, ABŞ-ın Associated Press, Rusiyanın TASS, Türkiyənin Anadolu, İtaliyanın ANSA, İsveçin TT (Avropa Xəbər Agentlikləri Alyansının sədri), Rumıniyanın Agerpress, Bolqarıstanın BTA, Polşanın PAP, Yunanıstanın ANA/MPA və bir çox digər ölkələrin xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, İngiltərənin media qurumlarının təmsilçiləri qatılıblar. Mərasimdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının prezidenti Aslan Aslanov iştirak edib. Tədbirdə Böyük Britaniya Krallığının vəliəhdi, Uels şahzadəsi Çarlz AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb, mətbuatın inkişafında texnoloji yeniliklərlə maraqlanıb. Press Association agentliyinin icraçı direktoru, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri Klayv Marşal çıxışında qeyd edib ki, ötən əsr ərzində mediada çox böyük irəliləyişlər olub. "Bizim agentlik də yarandığı andan ötən 150 il ərzində dəyişib, texnologiyalar işimizin bir hissəsinə çevrilib. Lakin dəyişməyən bizim dürüstlüyümüz və obyektivliyimiz olub. Bu da bizim etibarlı media kimi imicimizin yüksək olmasını şərtləndirib", - deyə o bildirib. Xəbər agentlikləri rəhbərləri ilə görüşlərdə onlara Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, o cümlədən bu ilin oktyabrında planlaşdırılan Bakı Beynəlxalq Humanitar Forumu barədə məlumat verilib. AZƏRTAC və Press Association 2008-ci ildən Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində, sonradan isə Dünya Xəbər Agentlikləri Konqresi Şurasında əməkdaşlıq edir. Press Association 2016-cı ilin noyabrında Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin təşkilati işində yaxından iştirak edib. İki agentlik arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur.
 
Tacikistanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib
Düşənbə, 17 may, АZƏRTAC Azərbaycanın Tacikistandakı səfirliyi 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Düşənbə şəhərindəki “Serena” mehmanxanasında rəsmi qəbul keçirib. AZƏRTAC xəbər verir ki, mərasimdə Tacikistanın dövlət rəsmiləri, deputatlar, görkəmli ziyalılar, ölkə ictimaiyyətinin tanınmış simaları, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, bu ölkədə yaşayan və işləyən soydaşlarımız iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndirilib. Ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, qısa müddətdə dövlət quruculuğu sahəsində görülən işlər barədə danışıb. Bildirilib ki, cəmi 11 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətində bütün dövlət atributları yaradılıb, Şərqdə ilk dəfə olaraq parlamentli respublika qurulub, bir çox Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququ verilib, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələr qurulub, opera təsis edilib, qızlar məktəbi açılıb. Səfir 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 11-ci Qızıl Ordu tərəfindən işğal olunmasından sonra süquta uğradığını qeyd edib. H.Məmmədzadə 1991-ci ildə yenidən müstəqillik əldə edən respublikamızın ilk illərdə müharibə və xaosla üzləşməsi, nəticədə 20 faiz torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqil, suveren Azərbaycanın dinamik inkişafının əsası qoyulub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük müdriklik, qətiyyət və cəsarətlə həyata keçirildiyi bildirilib. Bu siyasətin nəticəsi olaraq, Azərbaycan bu gün regionun ən qüdrətli dövlətinə, həmçinin dünya miqyasında sözü və mövqeyi olan dövlətə çevrilib. Səfir Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər barədə geniş məlumat verib, ölkədə hər il müxtəlif beynəlxalq idman yarışlarının, humanitar forumların, musiqi festivallarının və digər irimiqyaslı tədbirlərin keçirildiyini qeyd edib. Azərbaycan-Tacikistan əlaqələrindən söz açan diplomat iki ölkə arasında münasibətlərin tarixi köklərə söykəndiyini deyib. Ölkələrimizin regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə daim dəstək verdiyi vurğulanıb. O, həmçinin ölkələrimiz arasında 45-dək rəsmi sənədin imzalandığını, parlamentlərarası qrupun fəaliyyət göstərdiyini qeyd edib, hökumətlərarası komissiyanın növbəti iclasının Düşənbədə keçiriləcəyini diqqətə çatdırıb. Tacikistanın xarici işlər naziri Sirocadin Aslov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Tacikistan hökuməti adından xalqımızı təbrik edib, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb. Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edib, bundan sonra da müxtəlif sahələrdə ikitərəfli münasibətləri genişləndirmək üçün geniş imkanların olduğunu bildirib. Qəbul zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən fotosərgi də nümayiş etdirilib. Həmçinin Azərbaycan mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bugünkü mənzərələrini əks etdirən videogörüntülər nümayiş etdirilib. Daha sonra gənc xanəndə, VI muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli konsert proqramı ilə çıxış edib. Tədbirin rəsmi hissəsindən sonra ziyafət verilib.
 
Prezident İlham Əliyev Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu qəbul edib
Bakı, 18 aprel, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonu qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edən Yukio Amano Prezident İlham Əliyev ilə inauqurasiya mərasimi günündə görüşməsinin əlamətdar hadisə olduğunu dedi. Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyi üçün çox mühüm tərəfdaş olduğunu qeyd edən Yukio Amano ölkəmizlə yüksək səviyyəli əməkdaşlıq həyata keçirildiyini, bir sıra mühüm layihələr üzrə birgə iş aparıldığını vurğuladı. Təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Yukio Amanonun ölkəmizə səfərinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olmasından və bir sıra birgə layihələr üzərində işlərin aparılmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev ölkəmizlə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
 
Prezident İlham Əliyev Türkiyənin gənclik və idman nazirini qəbul edib
Bakı, 18 aprel, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bilal Ərdoğanı və Türkiyə Respublikasının gənclik və idman naziri Osman Aşkın Bakı qəbul edib. AZƏRTAC xəbər verir ki, nazir Osman Aşkın Bak və Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdılar. Qonaqlar Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə bir daha təbrik etdilər və bu qələbənin Türkiyədə böyük qürur hissi ilə qarşılandığını bildirdilər. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olundu, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasının İslam ölkələri arasında əməkdaşlığın və həmrəyliyin genişləndirilməsi işinə xidmət edəcəyi bildirildi. Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 2 > 1734
  TKA 2008