TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
AZƏRBAYCANDA ƏHALİNİN KAMERAL UÇOTUNUN APARILMASINA OSMANLI DÖVRÜNDƏN BAŞLANMIŞDIR

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov AzərTAc-a bildirmişdir ki, Azərbaycanda qədim dövrlərdən başlayaraq daşınmaz əmlakın, xüsusilə torpaq mülkiyyətçiliyinin bu və ya digər formada qeydiyyatı aparılmışdır.
Osmanlı imperiyası dövründə bu məqsədə xidmət edən dəftərxana üsulu fəaliyyət göstərir, həmin metoda əsasən imperiya tərəfindən fəth edilmiş hər bir ərazinin, şəhərin, kəndin kameral uçotu gedir, həm əhalinin, həm də ona məxsus daşınmaz əmlakın siyahısı son dərəcə dəqiqliklə göstərilir, eyni formatlı dəftərlərdə onların müfəssəl qeydiyyatı aparılırdı.
Arxiv sənədləri sübut edir ki, Azərbaycanda əhalinin və mülkiyyətin uçotu hələ XVIII əsrin əvvəllərindən, ölkəmizin ərazilərinin bir hissəsi Osmanlı imperiyasının hakimiyyəti altında olduğu dövrdən aparılmışdır. Osmanlı imperiyası dövründə tərtib edilmiş kameral uçot dəftərlərinin orijinalları bu gün də İstanbuldakı Başbakanlıq arxivində qorunub saxlanmaqdadır.
A.Qaraşov demişdir ki, həmin dəftərlərdən ikisinin - 1727-ci ildə tərtib olunmuş "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" və "Naxçıvan sancağının müfəssəl dəftəri"nin mikrofilmi Azərbaycana gətirilmiş və kitab halında çap edilmişdir.

 
AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI İLİN YEKUNLARINA VƏ GƏLƏN İLİN İŞ PLANINA DAİR İCLAS KEÇİRMİŞDİR

AzərTAc xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) dekabrın 10-da respublikamızdakı bankların fəaliyyəti ilə bağlı illik yekunlar və dünya maliyyə böhranının bank sisteminə təsiri mövzusunda iclas keçirmişdir.
İclasda üzv banklarla yanaşı Milli Bank, Dünya Bankının Bakı ofisi və Beynəlxalq Valyuta Fondunun nümayəndələri də iştirak etmişlər.
ABA-nın prezidenti Eldar İsmayılov kommersiya banklarının ölkədə aparılan iqtisadi islahatların ön sıralarında olduğunu vurğulamışdır. Milli Bank tərəfindən uçot dərəcəsinin və icbari ehtiyatların səviyyəsinin aşağı salınmasının risklərin azaldılması və likvidliyin artırılması baxımından vacibliyini qeyd edən E.İsmayılov tədbirlər planının davamının olacağını da demişdir.
Beynəlxalq Valyuta Fondunun ölkəmizdəki nümayəndəliyinin rəhbəri Koba Qvenetadze dünya maliyyə böhranının Mərkəzi Asiya ölkələrinə vurduğu ziyandan və bununla mübarizə metodlarından danışmışdır.
Dünya Bankının Bakı ofisinin rəhbəri Qreqori Yedjeyçak Azərbaycanın keçmiş sovet ölkələri arasında daha az borc alan ölkə olduğunu nəzərə çatdırmışdır. Onun sözlərinə görə, buna səbəb ölkədəki bankların riskləri idarəetmə baxımından daha konservativ mövqe tutmalarıdır.
Milli Bankın kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Rəşad Orucov ölkənin ümumilikdə 8,6 milyard manat xarici borcunun olduğunu, bu rəqəmin daxili valyuta ehtiyatlarının 16 faizini təşkil etdiyini diqqətə çatdırmışdır. Demişdir ki, proqnozlara görə, 2009-cu ildə inflyasiya həddi 16-17 faiz təşkil edəcəkdir. Manat xarici valyutalara nisbətdə 12 faiz möhkəmlənmişdir. Bu, idxalın yüksəlməsi üçün münbit şərait yaradacaqdır. "Bu gün biz öz aktivlərimizi xarici aktivlərdə saxlamırıq. Bu bizim bank sektorunun zəif olduğunu deyil, baş verəcək istənilən risklərdən qorumaq yolunda atdığımız addım kimi qiymətləndirilməlidir"-deyə o vurğulamışdır.
Tədbirin sonunda ABA-nın 2009-cu il üçün iş planı təsdiqlənmişdir.

 
“XALQLA YAŞANAN ÖMÜR” MÖVZUSUNDA “DƏYİRMİ MASA”

 

AzərTAc xəbər verir ki, dekabrın 10-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşəbbüsü ilə Azərbaycanda Atatürk Mərkəzində "Xalqla yaşanan ömür" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
GB-nin sədri Ramil Həsənov çıxışında demişdir ki, tədbir ümummilli liderimiz Heydər Əliyevin vəfatının 5-ci ildönümünə həsr olunmuşdur. Məqsəd ulu öndərin həyat və fəaliyyəti ilə bağlı məlumatları, ümummilli liderimizin siyasi irsini gənclərə çatdırmaqdır. YAP GB-nin üzvlərinin Heydər Əliyev Fondunda dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olduqlarını diqqətə çatdıran R.Həsənov qeyd etmişdir ki, bu cür tədbirlər dekabrın 15-dək davam edəcəkdir. Rayonlarda 30-a yaxın "dəyirmi masa"nın, müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərdə Milli Məclisin deputatları da iştirak edəcəklər.
R.Həsənov bildirmişdir ki, bu tədbirin Azərbaycanda Atatürk Mərkəzində keçirilməsi də təsadüfi deyildir. Məqsədimiz XX əsrin əvvəllərində türk dünyasının lideri olmuş Atatürkün adını daşıyan Mərkəzdə həmin əsrin sonlarında dünya türklərinin lideri olan Heydər Əliyevin anma mərasiminin keçirilməsi gənclərə bu iki tarixi şəxsiyyət barədə ətraflı məlumat verməkdir.
Sonra YAP icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat vermişdir. O demişdir ki, məhz Heydər Əliyevin əməyi və zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın müstəqilliyi dönməz və əbədi olmuş, ölkəmiz dünya birliyində layiqli yerini tutmuşdur. Xalqının gələcəyini düşünən ulu öndər gənclərə daim xüsusi diqqət və qayğı göstərmişdir. Heydər Əliyevin hələ Sovetlər birliyi dövründə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almağa göndərməsi xoşbəxt gələcəyə istiqamətlənmiş bir siyasət idi. Bu gün də bu siyasət uğurla davam etdirilir. Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı İlham Əliyev də gənclərimizin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almasına xüsusi qayğı göstərir.
Sonra YAP Gənclər Birliyinin üzvləri çıxış etmişlər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs olunmuşdur.
Natiqlər, hər il fevral ayının 2-də respublikamızda Gənclər forumunun keçirilməsini, Gənclər gününün qeyd olunmasını, gənclərimizin xarici ölkələrdə təhsil alması üçün xüsusi dövlət proqramlarının həyata keçirilməsini onlara, ölkəmizin gələcəyinə yönəlmiş qayğının bariz nümunəsi olduğunu söyləmişlər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanmışdır.
 
İSTANBULDA TANINMIŞ İNSANLARIN HƏYATI SİLSİLƏSİNDƏN “HEYDƏR ƏLİYEV” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏKDİR

AzərTAc xəbər verir ki, dekabrın 12-də İstanbulda tanınmış insanların həyatı silsiləsindən "Heydər Əliyev" kitabının təqdimat mərasimi keçiriləcəkdir. Mərasimdə Milli Məclisin deputatları Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov və Hüseynbala Mirələmov iştirak edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində deputatlarımız ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlərə qatılacaqlar.
Səfər dekabrın 13-də başa çatacaqdır.

 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QƏTƏRİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Qətər dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Casim Al Taninin etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Şeyx Mübarək bin Fəhd Casim Al Tani etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Şeyx Mübarək bin Fəhd Casim Al Tani Qətər dövlətinin əmiri Həməd bin Xəlifə Al Taninin salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdı. Səfir etimadnaməsini qəbul etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Ölkəmizə səfir təyin olunmasından böyük şərəf duyduğunu deyən diplomat Azərbaycan Prezidentini əmin etdi ki, səfirlik fəaliyyəti müddətində əlaqələrimizin daha da möhkəmlənməsi işində öz səylərini əsirgəməyəcəkdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlığımızın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını qeyd edən Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin gələcək inkişafı üçün böyük imkanların olduğunu dedi. Səfirə fəaliyyətində müvəffəqiyyətlər arzulayan dövlətimizin başçısı əminliklə bildirdi ki, şeyx Mübarək bin Fəhd Casim Al Taninin respublikamızda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələr daha da genişlənəcəkdir.

 

 
<< Başlat < Önceki 1701 1702 1703 1704 1705 1706 1707 1708 1709 1710 Sonraki > Son >>

Sayfa 1709 > 1714
  TKA 2008