TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
AZƏRBAYCANIN “DƏMİR YOLU İLƏ BEYNƏLXALQ DAŞIMALAR HAQQINDA” KONVENSİYAYA QOŞULMASI MÜZAKİRƏ OLUNMUŞDUR

AzərTAc xəbər verir ki, dekabrın 18-də Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) rəisi Arif Əsgərovla OTİF-in (Dəmir Yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilat) baş katibi Stefan Şimminq arasında görüş keçirilmişdir.
Görüşdə Azərbaycanın "Dəmir Yolu ilə Beynəlxalq Daşımalar haqqında" Konvensiyaya (COTİF) qoşulması, Dəmir Yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilata (OTİF) üzv olması prosesinə kömək göstərilməsi və bununla əlaqədar digər məsələlər müzakirə edilmişdir.

 
AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 18-də nazir Elmar Məmmədyarov Azərbaycanda fəaliyyətini başa çatdıran ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola ilə görüşmüşdür.
Görüşdə X.L.Herrero Ansola ölkəmizdə işlədiyi müddətdə rəhbərlik etdiyi təşkilatın Azərbaycanın icra strukturları və xüsusən də Xarici İşlər Nazirliyi ilə həyata keçirilən səmərəli əməkdaşlığından danışmışdır. Azərbaycanı xoş təəssüratlarla tərk etdiyini deyən diplomat növbəti iş yerinin Makedoniyada ATƏT-in missiyasının rəhbəri vəzifəsi olduğunu söyləmişdir.
Nazir E.Məmmədyarov ötən müddət ərzində ATƏT-in Bakı ofisi ilə əməkdaşlıqdan məmnunluğunu bildirmiş, bu dövr ərzində Azərbaycanda aparılmış fəal demokratik islahatlar barədə danışmış, habelə X.L.Herrero Ansolaya yeni təyinatında müvəffəqiyyətlər arzulamışdır.

 
ƏCNƏBİ TƏLƏBƏLƏR CƏBHƏ BÖLGƏSİNDƏ OLMUŞLAR

AzərTAc xəbər verir ki, Bakı Beynəlxalq Tələbə Klubunun "Azərbaycanda qaçqınlar və məcburi köçkünlərin problemlərinə yeni yanaşma" layihəsi çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən 20-dən çox əcnəbi tələbə Füzuli rayonunda olmuşdur.
Layihənin məqsədi xarici tələbə və gəncləri Azərbaycandakı qaçqınlar və məcburi köçünlərin problemləri ilə bağlı maarifləndirmək, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Layihə Prezident yanında QHT-lərə yardım üzrə Dövlət Şurası tərəfindən maliyyələşdirilir.
Səfər çərçivəsində Zobucuq məcburi köçkün qəsəbəsində olan əcnəbi tələbələr buradakı ailələrin həyat şəraiti ilə tanış olmuş, müharibənin fəsadları barədə məlumat almışlar. Tələbələr, həmçinin, təmas xəttində yerləşən tarixi abidələrlə və Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələri ilə də tanış olmuşlar.

 
AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASI DOKTORANTLAR ÜÇÜN SİMPOZİUM KEÇİRƏCƏKDİR
Dekabrın 19-20-də Azərbaycan Diplomatik Akademiyası ilk dəfə olaraq doktorantlar üçün simpozium keçirəcəkdir.
Diplomatik Akademiyadan AzərTAc-a bildirmişlər ki, simpoziumdan məqsəd elmi dairələrdə Azərbaycan haqqında biliklərin artırılması və təhsil ocağında davamlı akademik debatların təşkili, azərbaycanlı və xarici elm adamları arasında qarşılıqlı əlaqələrin stimullaşdırılması, ölkəmizdə həyata keçirilən təhsil islahatlarına xidmət edəcək əlaqələrin qurulması, araşdırma və tədris metodları sahəsində təcrübə mübadiləsi aparılmasıdır.
Tədbirdə əsas diqqət sosial, xüsusilə beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat elmlərinə yönələcəkdir.
Simpoziumda Diplomatik Akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, nüfuzlu elm xadimləri - Cons Hopkins Universitetinin professoru Frederik Starr, akademiyanın və Hayfa Universitetinin professoru Brenda Şaffer, Uilyam Mitçel Məktəbinin professoru, 2008-2009-cu tədris ili üçün "Fullbright" təqaüdçüsü Antoni Vayner və Ridinq Universitinin professoru Nigar Həşimzadə iştirak edəcəklər.
Təhsil naziri Misir Mərdanov və Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev də simpoziumda çıxış edəcəklər.
 
TOMRİS AZƏRİ: "ÜMİD EDİRƏM Kİ, BAKI İCLASINDA UĞURLU NƏTİCƏLƏR ƏLDƏ OLUNACAQDIR"

AzərTAc xəbər verir ki, Bakıda keçirilən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının iclasında iştirak etmək üçün ölkəmizə gəlmiş Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri jurnalistlərə müsahibəsində demişdir: "Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının iclasında iştirak etməkdən məmnunam. Ümid edirəm ki, Bakı iclasında uğurlu nəticələr əldə olunacaqdır".
İclasda Dünya azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlərlə bağlı hesabat veriləcək, qarşıda duran vəzifələr müəyyənləşdiriləcəkdir.

 

 
<< Başlat < Önceki 1721 1722 1723 1724 1725 1726 1727 1728 1729 1730 Sonraki > Son >>

Sayfa 1721 > 1748
  TKA 2008