TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
AZƏRBAYCAN İLƏ NATO ARASINDAKI ƏMƏKDAŞLIQ RAZILIQ DOĞURMUŞDUR
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dekabrın 16-da Bakıda səfərdə olan NATO baş katibinin müavini Klaudio Bizoneron ilə görüşmüşdür. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir S.Əbiyev qonağa regionda mövcud olan hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ probleminin indiyədək həll edilməməsinin səbəbləri barədə məlumat vermişdir. Görüşdə NATO ilə Azərbaycan arasındakı əməkdaşlığının perspektivləri istiqamətində ətraflı söhbət aparılmışdır. K.Bizonero hazırkı əlaqələrdən razı qaldığını bildirmişdir.
 
QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ BAŞ TUTMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 16-da Azərbaycanın Xocavənd rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatmışdır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Vladimir Çountulov keçirmişlər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi ilə təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anji Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Antal Herdiç yerinə yetirmişlər.
 
AZƏRBAYCANIN DÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZV OLMASI ÜZRƏ İŞÇİ QRUPUNUN 6-CI İCLASI KEÇİRİLMİŞDİR

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Cenevrədə Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olması üzrə işçi qrupunun 6-cı iclası keçirilmişdir.
İclasda Azərbaycanın DTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya sədrinin müavini, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılığı ilə nümayəndə heyəti, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Elçin Əmirbəyov, İqtisadi İnkişaf Nazirliyinin Xarici Ticarət Siyasəti və DTT şöbəsinin müdiri Ədalət Muradov, digər dövlət qurumlarının təmsilçiləri iştirak etmişlər.
Mallar və xidmətlər üzrə ikitərəfli danışıqların mövcud vəziyyəti müzakirə olunmuş, xarici ticarət rejiminə dair suallar cavablandırılmış, faktlar icmalı ilə bağlı DTT-yə üzv olan ölkələr tərəfindən şərhlər verilmiş, Azərbaycanda DTT-yə dair qanunvericiliyin həyata keçirilməsi ilə bağlı mövcud vəziyyətə diqqət yetirilmişdir.
Ölkəmizin nümayəndə heyətinin rəhbəri çıxış edərək Azərbaycan hökumətinin son dövrdə qeyri-neft sektorunun inkişafına və ümumiyyətlə ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələsinə mühüm diqqət yetirdiyini vurğulamış, bu istiqamətdə görülən işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkə kimi Azərbaycan sosial-iqtisadi inkişafını təmin etmək üçün əlverişli şərtlərlə çoxtərəfli ticarət sisteminə inteqrasiya etməyi qarşısına məqsəd qoymuşdur. Qısa müddət ərzində mallar və xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər və digər sənədlər hazırlanaraq DTT katibliyinə və əlaqədar ölkələrə təqdim olunmuş, onların əsasında növbəti ikitərəfli danışıqlar keçirilmişdir. Bununla yanaşı, Azərbaycanın milli qanunvericiliyinin DTT-nin sazişlərinə uyğunlaşdırılması sahəsində ölkədə görülən və gələcəkdə görüləcək işlərlə bağlı üzv ölkələrə məlumat verilmişdir. M.Məmmədquliyev Azərbaycanın DTT-yə üzv olması ilə əlaqədar indiyədək görülən işləri özündə əks etdirən hesabat layihəsinin hazırlanmasını təklif etmişdir.
İclasda iştirak edən bir sıra ölkələrin nümayəndələri Azərbaycanın DTT-yə üzvlüyünü dəstəkləmiş, respublikamız tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirləri və onların nəticələrini müsbət qiymətləndirmişlər. Braziliya, Hindistan və Paraqvay Azərbaycanın DTT-yə açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkə kimi üzv olmasını dəstəklədiklərini vurğulamışlar. Bundan sonra ABŞ, Avropa Komissiyası, Kanada və digər ölkələr tərəfindən verilmiş suallar nümayəndə heyətimizin üzvləri tərəfindən cavablandırılmışdır.
İşçi qrupunun sədri hesabat layihəsinə dair təşəbbüslə əlaqədar üzv ölkələrdən bu layihənin hazırlanması məsələsinə baxılmasını, kənd təsərrüfatı sahəsində çoxtərəfli danışıqlarla bağlı üzv ölkələrdən Azərbaycanın təqdim etdiyi müvafiq cədvələ dair yazılı rəylərin təqdim olunmasını, Azərbaycanın xarici ticarət rejiminə dair müvafiq sualların 2009-cu il yanvarın 23-dək təqdim olunmasını xahiş etmişdir. Eyni zamanda, təklif edilmişdir ki, 2009-cu ilin birinci yarısında işçi qrupunun növbəti iclasının keçirilməsi məsələsinin mümkünlüyünə baxılsın.
İşçi qrupunun iclası ilə yanaşı, Azərbaycan bazarında marağı olan, mallar və xidmətlər üzrə müvafiq sorğu təqdim etmiş ABŞ, Avropa Komissiyası, Braziliya, Yaponiya, Şri-Lanka, Çinin Tayvan əyaləti, Kanada, Koreya Respublikası, Norveç, Hindistan və Ekvador ilə ikitərəfli danışıqlar aparılmışdır.
DTT, habelə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) yüksək vəzifəli şəxsləri, o cümlədən mütəxəssisləri ilə işçi qrupunun indiyədək keçirilmiş iclaslarının nəticələrinə dair hazırlanmış Faktlar İcmalının layihəsi, DTT-yə əlverişli şərtlərlə üzvlüyün təmin edilməsində ölkəmizin mövqeyi, digər məsələlər müzakirə olunmuşdur.
Belarus və İraqın müvafiq qruplarının üzvləri ilə görüş keçirilmiş, fikir mübadiləsi, Ukrayna və Çin nümayəndələri ilə məsləhətləşmələr aparılmışdır.

 
AZƏRBAYCAN ALİMİ ABŞ-DA NƏŞR OLUNAN JURNALA RƏYÇİ SEÇİLMİŞDİR

AzərTAc xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri, fizika-riyaziyyat elmləri namizədi Ramiz Alıquliyev ABŞ-da nəşr olunan "İEFE Bilik və İnformasiya Mühəndisliyi Xəbərləri" (İEFE TKDE) jurnalının rəyçisi seçilmişdir. Redaksiya şurası bu qərarı azərbaycanlı alimin nüfuzlu beynəlxalq elmi jurnal və konfranslarda çap edilən əsərlərinə görə vermişdir.
İEFE TKDE elm sahəsində dünyanın aparıcı təşkilatlarından olan Elektrotexnika və Elektron Mühəndisliyi İnstitutu (İEFE) tərəfindən buraxılır və informasiya mühəndisliyi sahəsində dünyada beş ən nüfuzlu jurnaldan biridir.

 

 
GƏLƏN İL AVROPADA GƏNCLƏRİN İŞTİRAKI İLƏ SÜLH VƏ İNKİŞAF ŞƏBƏKƏSİ YARADILACAQDIR

AzərTAc xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzinin 5 nəfərlik nümayəndə heyəti dekabrın 5-dən 15-dək Gürcüstanın Bakuriani şəhərində təşkil edilən "Sülh və inkişaf" mövzusunda beynəlxalq seminarda iştirak etmişdir.
Avropa İttifaqının Gənclər Proqramının təşkilatçılığı ilə keçirilmiş tədbirin əsas məqsədi Avropanın müxtəlif ölkələrindən olan gənclər təşkilatlarını bir araya gətirmək, onların sülh və demokratiya quruculuğu sahəsində fəal iştiraka təşviq etmək olmuşdur.
Seminarın sonunda Avropanın bir sıra gənclər təşkilatlarının ümumi razılığı ilə Avropa Qeyri-Hökumət Təşkilatlarının sülh və inkişaf şəbəkəsi yaradılacaqdır.
Azərbaycan nümayəndə heyəti tədbirin bir gününü "Azərbaycan günü" elan edərək iştirakçıları ölkəmizin tarixi, mədəniyyəti, musiqisi və mətbəxi ilə yaxından tanış etmişdir. Qonaqlara ölkəmizlə bağlı zəngin ədəbiyyat da təqdim edilmişdir.

 

 
<< Başlat < Önceki 1721 1722 1723 1724 1725 1726 1727 1728 1729 1730 Sonraki > Son >>

Sayfa 1727 > 1744
  TKA 2008