TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
ƏFQANISTAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ AZƏRBAYCANIN MÖVQEYİNİ TAM DƏSTƏKLƏYİR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 16-da Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər naziri Ranqin Dadfar Spanta ilə görüşmüşdür.
İki dövlət arasında əlaqələrin sürətlə inkişafını alqışlayan nazirlər, yüksək səviyyəli səfərlərin və görüşlərin baş tutmasını müsbət qiymətləndirmişlər.
Əfqanıstan rəsmisi ölkəsi ilə Azərbaycan arasında tarixi və mədəni oxşar cəhətləri vurğulamış, Azərbaycanın Əfqanıstana onun bugünkü çətin vəziyyətində göstərdiyi yardıma görə təşəkkür etmiş, ölkəmizdə əldə olunan nailiyyətlərdən fərəh duyduğunu bildirmişdir.
R.D.Spanta, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin Azərbaycanın mövqeyini dəstəklədiyini bir daha diqqətə çatdırmışdır.
Nazirlər iqtisadi sahədə də əməkdaşlığı dərinləşdirməyi, müqavilə-hüquq bazasını təkmilləşdirməyi, müxtəlif sahələrdə əməkdaşlıq qurmağı zəruri saymışlar.
Qonaq Azərbaycanın diplomatik xidmət, elm və təhsil, tibb, kənd təsərrüfatı və digər sahələrdə təcrübəsinin öyrənilməsində maraqlı olduğunu da diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
 
ARDNŞ-DƏ DÜNYA İQTİSADİ FORUMUNUN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

AzərTAc xəbər verir ki, dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Dünya İqtisadi Forumunun icraçı direktoru Borge Brendin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
R.Abdullayev qonaqlara Azərbaycan iqtisadiyyatının inkişafından, neft-qaz sənayesindəki yüksəlişdən danışmış, həyata keçirilən regional layihələrin gedişatı ilə tanış etmişdir.
B.Brend 2009-cu ilin yanvarında Davosda keçiriləcək Dünya İqtisadi Forumunda enerji daşıyıcılarına olan tələbatın güclənməsi şəraitində qarşıda duran vəzifələrin ətraflı müzakirə ediləcəyini qeyd etmişdir. O, 42 dövlət başçısının iştirak edəcəyi Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi görməkdən şad olacaqlarını söyləmişdir. Qonaq həmçinin, Dövlət Neft Şirkəti rəhbərliyinin Sənaye Tərəfdaşlığı Razılaşmasını imzaladıqdan sonra ilk dəfə olaraq Davos Forumunda Dünya İqtisadi Forumunun tərəfdaşı statusunda iştirak etmək imkanı qazandığını bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.

 
NATO AZƏRBAYCAN İLƏ MÜNASİBƏTLƏRƏ BÖYÜK ÖNƏM VERİR VƏ ƏLAQƏLƏRİN DAHA DA GENİŞLƏNMƏSİNDƏ MARAQLIDIR

AzərTAc xəbər verir ki, dekabrın 16-da Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan NATO baş katibinin müavini Klaudio Bizonyeronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Z.Əsgərov demişdir ki, Avroatlantik məkana inteqrasiya edən Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycan NATO ilə "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq" proqramları çərçivəsində əməkdaşlığı daha da genişləndirir. Ölkəmiz bu təşkilatın Rouz-Rout seminarlarında yaxından iştirak edir. Artıq həmin seminarların ikisinin Azərbaycanda keçirilməsi münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycanın NATO Parlament Assambleyasındakı rolunu xüsusi vurğulayan Z.Əsgərov, bu yaxınlarda qurumun Valensiyada baş tutmuş payız sessiyasında keçirdiyi görüşləri məmnunluqla xatırlamışdır.
Bildirilmişdir ki, ölkəmizdə NATO standartlarına keçidin birinci mərhələsi uğurla başa çatmış və Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və əldə olunmuş uğurlu nəticələr təşkilatın ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir. İndi isə ikinci mərhələ həyata keçirilməkdədir və ümid edirik ki, bu mərhələnin də nəticələri uğurlu olacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Ziyafət Əsgərov bildirdi ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə Ermənistanın məhəl qoymaması beynəlxalq birlik tərəfindən kəskin qarşılanmalıdır. Çünki, Ermənistanın təcavüzkar siyasəti təkcə Azərbaycan və ya Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa təhlükəsizliyinə təhdiddir. Bu gün Azərbaycanın karbohidrogen ehtiyatları Avropaya nəql olunur, sabah isə Xəzəryanı ölkələr də öz enerji ehtiyatlarını Azərbaycandan keçməklə Avropaya göndərəcəklər. Ona görə də beynəlxalq birlik bu məsələ ilə bağlı konkret mövqe nümayiş etdirməlidir.
Səfərindən məqsədin Azərbaycanla əlaqələrin inkişaf etdirilməsindən ibarət olduğunu deyən Klaudio Bizonyero ölkəmizdə həyata keçirilən islahatların, əldə olunmuş uğurların NATO-da yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır. O demişdir ki, NATO Azərbaycan ilə münasibətlərə böyük önəm verir və əlaqələrin daha da genişlənməsində maraqlıdır. Qonaq əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmişdir.
Sonra görüşdə qarşılıqlı əməkdaşlıq və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 
AZƏRBAYCAN AVRO-ATLANTİKA MƏKANINA DAXİL OLAN TƏRƏFDAŞ ÖLKƏLƏRLƏ ƏLAQƏLƏRİN DAHA DA GÜCLƏNDİRİLMƏSİNƏ XÜSUSİ ÖNƏM VERİR

Bu sözləri Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov dekabrın 16-da NATO Baş katibinin müavini Klaudio Bizonyero ilə görüşündə vurğulamışdır.
Nazirliyin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, nazir Eldar Mahmudov hazırda Şimali Atlantika Alyansı ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının müvəffəqiyyətlə həyata keçirildiyini və ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini demişdir. Eldar Mahmudov bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin NATO ilə əməkdaşlığın daha da intensivləşdirilməsi və Avro-atlantika məkanına inteqrasiyasının gücləndirilməsi üzrə qəbul etdiyi qərarların, verdiyi müvafiq göstərişlərin mühüm rol oynadığını qeyd etmişdir.
Milli təhlükəsizlik naziri terrorçuluqla mübarizədə Azərbaycanın birmənalı mövqeyini bir daha vurğulayaraq, bu sahədə fəaliyyətin Milli Təhlükəsizlik Nazirliyinin vəzifələri sırasında prioritet istiqamətlərdən olduğunu və beynəlxalq təhlükəsizliyin təmin olunmasında Avro-atlantika məkanına daxil olan tərəfdaş ölkələrin müvafiq qurumları ilə əlaqələrin daha da gücləndirilməsinə xüsusi önəm verildiyini söyləmişdir.
Səfəri çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirən Klaudio Bizonyero Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının icrası üzrə müvafiq dövlət qurumlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərdən NATO tərəfinin razı qaldığını vurğulamışdır. Qonaq bu mənada Şimali Atlantika Alyansının ölkəmizlə münasibətlərə xüsusi önəm verməsinin çatdırılması missiyasının ona həvalə olunmasından məmnunluğunu ifadə etmişdir.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə Azərbaycanla NATO arasında münasibətlərin ardıcıl inkişafı ilə bağlı və maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılmışdır.

 
VAQİF MUSTAFAZADƏ MUĞAM CAZININ ƏSASINI QOYMUŞ İSTEDADLI MUSİQİÇİDİR
AzərTAc xəbər verir ki, dekabrın 16-da Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Azərbaycan caz musiqisini dünyaya tanıdan, məşhur cazmen Vaqif Mustafazadənin ev-muzeyində onun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Muzeyin direktoru Alla Bayramova görkəmli cazmenin həyat və yaradıcılığından danışaraq bildirmişdir ki, Şərqin ölməz muğamı ilə Qərbin əsrarəngiz caz musiqisinin sintezindən möcüzə yaradan virtuoz musiqiçi 39 yaşında dünyasını dəyişsə də, yaddaşlarda əbədi qalmışdır. Azərbaycandan kənarda da məşhur olan V.Mustafazadə "Tallinn-66", "Tallinn-67", "Tbilisi-78" beynəlxalq caz festivallarının laureatı olmuş, Monte Karlodakı çıxışı ilə dünyanın cazsevərlərini heyran qoymuşdur.
Onun adını daşıyan ev-muzeyinin direktoru Afaq Əliyeva, xalq şairi Vaqif Səmədoğlu, xalq artisti Faiq Sücəddinov, müğənni Natavan Şeyxova, musiqiçi Rafiq Seyidzadə və başqaları istedadlı musiqiçinin yaradıcılığından söz açmışlar. Bildirilmişdir ki, 8 yaşında ikən maestro Niyazi ilə tanış olan Vaqif Mustafazadə dünya cazının Azərbaycana aid olan növünün - muğam cazının əsasını qoymuşdur. Bu, bir həqiqətdir ki, milli caz elementlərini muğama əlavə etmək istəyən sənətkarlar olsa da, onlar bunun yaradıcısına çevrilə bilməmişlər. O, həm də dünya miqyasında şöhrət tapan "Sevil" qızlar ansamblını yaratmışdır.
Sənətkarın ev-muzeyində Vaqif Mustafazadənin müxtəlif musiqi janrındakı yaradıcılığı - prelüdləri, sonataları, fuqaları, balladaları, skertsoları, simfonik əsərləri, 130 caz kompozisiyası və sair nümunələr müəllifin ömür yolunun zənginliyini təsdiqləyir.
Ölkəmizin musiqi xadimlərinin, ziyalılarının iştirakı ilə keçirilən tədbirdə Vaqif və Əzizə Mustafazadələrin adlarının yer aldığı Vladimir Feyertaqın Sankt-Peterburqda nəşr etdirdiyi "Dünya caz musiqisi ensiklopediyası" nümayiş olunmuşdur.
Bülbül adına orta ixtisas və 35 nömrəli musiqi məktəblərinin şagirdləri ölməz sənətkarın və digər bəstəkarların əsərlərini ifa etmişlər.
 
<< Başlat < Önceki 1721 1722 1723 1724 1725 1726 1727 1728 1729 1730 Sonraki > Son >>

Sayfa 1730 > 1749
  TKA 2008