TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ MÜMKÜNDÜR

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov dekabrın 15-də səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Macarıstanın ölkəmizdəki səfiri İştvan Szabon və bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Jeno Boros ilə görüşmüşdür.
Tərəflər ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnun qaldıqlarını bildirmiş, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulamışlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə toxunan nazir E.Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü demişdir.
Səfir J.Boros etimadnaməsinin surətlərini nazirə təqdim edərək, ikitərəfli münasibətlərin gələcəkdə inkişafı ilə bağlı əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə enerji sahəsində və beynəlxalq əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 
BERLİNDƏ AZƏRBAYCANLI RƏSSAMLARIN VƏ HEYKƏLTƏRAŞLARIN SƏRGİSİ AÇILMIŞDIR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 14-də Almaniyanın paytaxtında, "Berlin-Bakı" qalereyasında azərbaycanlı rəssamların və heykəltəraşların sərgisinin açılışı olmuşdur. Sərgidə azərbaycanlı rəssamlar İbrahim Əhrarinin, Eldar Babazadənin, Müseyib Əmirovun, Samo Abasovun, Rəna Əmrahovanın, Elyar Əlimirzəyevin işləri, heykəltəraş Rövşən Hacıyevin tunc heykəlçikləri nümayiş etdirilir. Azərbaycanlı incəsənət ustalarının işləri ilə yanaşı, buraya gələnlərə alman rəssamı Gerhard Qabelin və heykəltəraş Falko Hammın əsərləri təqdim olunmuşdur. Sərginin açılışında əsərlərin müəllifləri İbrahim Əhrari və Gerhard Qabel çıxış etmişlər.
Açılış günündə sərgiyə çoxlu sənətsevər - Berlin sakinləri, Almaniya paytaxtının qonaqları, habelə Azərbaycan diasporunun nümayəndələri və ölkəmizin Almaniyadakı səfirliyinin əməkdaşları gəlmişlər.
Sərgi gələn il yanvarın 13-dək davam edəcəkdir.

 
XAQANİ ABDULLAYEV: QEYRİ-NEFT SEKTORUNA DAHA ÇOX DİQQƏT YETİRMƏLİYİK

Son illər Azərbaycanda infrastruktur və sosial layihələrə irihəcmli dövlət investisiyaları yatırılmışdır.
Milli Bankın baş direktoru Xaqani Abdullayev AzərTAc-a bildirmişdir ki, qeyri-neft sektorunun 70 faizi ticarət, rabitə, ictimai iaşə və digər xidmətlərin, 30 faizi sənaye və kənd təsərrüfatı sahələrinin payına düşür. "Qarşıdakı illərdə yüksək inkişaf sürətini qorumaq istəyiriksə, tədricən qeyri-neft sektoruna daha çox diqqət yetirməliyik ki, iqtisadiyyatın inkişaf sürətini 10-11 faiz səviyyəsində saxlayaq, həm də məşğulluğu qoruyaq"- deyə X.Abdullayev vurğulamışdır.
Hazırda Azərbaycana xarici investisiya mənbələrinin azalmasının hamını narahat etdiyini deyən Milli Bankın baş direktoru bunun qarşısını almaq üçün gələn il hökumət ilə bir sıra proqramların reallaşdırılması imkanlarının müzakirə ediləcəyini diqqətə çatdırmışdır. Bu tədbirlər iqtisadiyyatın konkret sahəsində konkret bank vasitəsilə həyata keçiriləcəkdir.

 
LATVİYANIN YEYİNTİ MƏHSULLARI İSTEHSALI ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏLƏR QURULMUŞDUR

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, kənd təsərrüfatı məhsullarının emalı sektorunda özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi layihəsi çərçivəsində «Dəvəçi broyler», «Şurabad broyler», «Gəncə-Dəyirman», «Bakı-Taxıl», «Gəncə Ət-Süd», «Salyan Süd», «Biləsuvar Konserv», digər konserv, quşçuluq, şərabçılıq və un istehsalı sahəsində fəaliyyət göstərən özəlləşdirilmiş səhmdar cəmiyyətlərinin menecment heyəti Latviyada səfərdə olmuşdur.
Səfər çərçivəsində Latviyanın İnvestisiya və İnkişaf Agentliyində, «Komerccentrs Dati Qrupa» və «Metrika Ltd.» məsləhətçi şirkətlərində, süd məhsulları istehsalçısı «Riqas Piena Kombinats A/S», çovdar un məmulatlarının istehsalçısı "Laçi Ltd", pivə istehsalçısı «Bauskas Alus» SİA və ən iri logistik (yük daşımaları) şirkət «FFL»-də görüşlər keçirilmişdir. Nümayəndə heyəti Latviyada fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin istehsal fəaliyyətləri, onların idarəetmə təcrübələri ilə tanış olmuşlar.
Səfərin məqsədi özəlləşdirmədən sonra kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin fəaliyyətlərinin bərpası və genişləndirilməsi, müasir idarəetmə təcrübələrinə yiyələnməsi, bacarıqlı kadr potensialının formalaşdırılması, müasir texnologiyaların tətbiqi, ixracyönümlü məhsul istehsalına nail olunmasıdır.
Görüşlərdə yeyinti məhsullarının istehsalı sahəsində Latviya şirkətləri ilə bir sıra qarşılıqlı əlaqələr qurulmuşdur.

 
RUSİYA GƏLƏN İL ÜÇÜN AZƏRBAYCANA GƏMİLƏRİN VOLQA-DON KANALI İLƏ KEÇİDİ ÜZRƏ 20 İCAZƏ VERMİŞDİR
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qudrət Qurbanov AzərTAc-a bildirmişdir ki, 2009-cu ildə Azərbaycan bayrağı altında üzən 10 quru yük gəmisinə Xəzərdən Azov dənizinə (Volqa-Don kanalı vasitəsilə), eləcə də əks istiqamətdə Rusiya tərəfindən 20 keçidə icazə verilmişdir.
Qeyd edək ki, Rusiya Xəzəryanı dövlətlərin gəmilərinin Volqa-Don kanalından keçidinə 1996-cı ildən məhdudiyyət qoymuşdur.
 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1735 > 1749
  TKA 2008