TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
İSTANBULDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİ YAD OLUNMUŞDUR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 12-də İstanbulda görkəmli insanların həyatı silsiləsindən "Heydər Əliyev" kitabının təqdimat mərasimi keçirilmişdir. Milli Məclisin deputatları Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov, Hüseynbala Mirələmov, ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran, Türkiyənin millət vəkilləri Mustafa Kabakçı, Orhan Erden, Ərtoğrul Kumcuoğlu, şəhər bələdiyyəsinin və valiliyin nümayəndələri, Türkiyədə yaşayan həmvətənlərimiz mərasimdə iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə ümummilli liderimizin İstanbulun mərkəzində yerləşən Sarıyer rayonundakı abidəsini ziyarət etmiş, önünə əklil qoymuş, gül dəstələri düzmüşlər. Burada keçirilmiş mərasimdə çıxış edən deputatlar Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov ümummilli lider Heydər Əliyevin zəngin həyatı və siyasi fəaliyyətindən, türk dünyasının birliyi üçün gördüyü mühüm işlərdən danışmışlar.
Sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının inzibati binasında Azərbaycanın İstanbuldakı baş konsulluğu və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə tanınmış rus yazıçısı və publisisti Viktor Andriyanov və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun birgə yazdıqları görkəmli insanların həyatı silsiləsindən "Heydər Əliyev" kitabının təqdimatı olmuşdur. Kitabı türk dilinə Yasəmin Bayer tərcümə etmişdir.
Hüseynbala Mirələmov bildirmişdir ki, bu kitabda ümummilli liderin dövlət təhlükəsizliyi orqanında çalışdığı dövr və 1991-1993-cü illərin ağır hadisələri öz əksini tapmışdır. O, rus, ərəb dillərində nəşr olunmuş əsərin Türkiyə oxucusu ilə qovuşmasından duyduğu məmnunluğu dilə gətirmişdir.
Daha sonra mərasimdə çıxış edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, deputatlar Eldar İbrahimov və Nizami Cəfərov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı və digərləri bu kitabın Heydər Əliyev haqqında yazılmış ən uğurlu əsərlərdən biri olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, kitab indiyədək 6 dildə nəşr olunmuş və daha 4 dildə də işıq üzü görəcəkdir. Mərasimdə o da bildirildi ki, İstanbuldakı Aydın Universitetində Heydər Əliyev Araşdırmalar Mərkəzi yaradılmışdır və bu mərkəzdə ulu öndərin zəngin siyasi irsinin öyrənilməsi və təbliği həyata keçiriləcəkdir.

 
AZƏRBAYCANLI MÜĞƏNNİ TÜRKİYƏ ƏSGƏRLƏRİNİN QARŞISINDA ÇIXIŞ ETMİŞDİR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyədə populyar olan azərbaycanlı müğənni Azərin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlkər Başbuğun xüsusi dəvəti ilə müqəddəs Qurban bayramında İraqla sərhəd rayonlardakı hərbi hissələrdə konsert vermişdir.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəsmi internet saytında bildirilir ki, Azərin və onu müşayiət edən musiqiçilər Diyarbəkir, Siirt və Şırnakdakı əsgərlərin qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişdir. Əsgərlər və zabitlər Azərinin ifa etdiyi və Əhməd Cavadın sözlərinə bəstələnmiş "Çırpınırdı Qara dəniz" mahnısını ayaq üstə və alqışlarla qarşılamışlar.

 
BAKIDA QAZAXISTANDA HƏYATA KEÇİRİLƏN İNFRASTRUKTUR LAYİHƏLƏRİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR

AzərTAc xəbər verir ki, dekabrın 12-də Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetovun yerli iş adamları ilə görüşü keçirilmişdir.
S.Primbetov "Qazaxıstanın 30 korporativ lideri" proqramı çərçivəsində təmsil etdiyi ölkədə icra olunan iri layihələr haqqında məlumat vermişdir.
Səfir bildirmişdir ki, hazırda Qazaxıstanda istehsalat və infrastruktur sahələrini əhatə edən, ümumi dəyəri 54 milyard ABŞ dolları olan 45 iri layihə həyata keçirilir. Bu layihələrin 27-si reallaşma mərhələsindədir, 9 layihənin icrası isə gələn il başa çatacaqdır.
S.Primbetov, həmçinin bildirmişdir ki, son beş ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 5 dəfə artmış, 2008-ci ildə 405 milyon dollara çatmışdır.
Diplomat iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın və Qazaxıstanın iş adamları arasında mütəmadi görüşlərin keçirilməsini, azərbaycanlı iş adamlarının Qazaxıstandakı layihələrə qoşulmasını təklif etmişdir.
Aktau şəhərinin vitse-meri Dmitri Klinçev vurğulamışdır ki, Azərbaycanın "Caspian Service" şirkəti Qazaxıstanda yaşayış kompleksi inşa etmişdir. O demişdir: "Biz kompleksdən çox razıyıq və ümumi dəyəri 30 milyard dollar olan "Aktau City"nin tikintisində Azərbaycan şirkətlərini iştirak etməyə dəvət edirik".
Görüşdə "Qazaxıstanın 30 korporativ lideri" proqramı çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin təqdimatı da keçirilmişdir. Təqdimat Şimali Qazaxıstan-Aktübinsk vilayəti regionlararası elektrik enerjisi xəttinin çəkilməsi, Astana-Şüçinsk avtomobil yolunun inşası, Qərbi Avropa-Qərbi Çin tranzit dəhlizinin bərpası, Aktau limanının Şimal istiqamətində genişləndirilməsi, Qazaxıstanda Əczaçılıq Logistika Mərkəzinin yaradılması və digər layihələri əhatə etmişdir.

 

 

 
BAKIDA “NÜVƏ ENERJİSİNİN GƏLƏCƏYİN ENERJİ TƏMİNATINDA ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS BAŞA ÇATMIŞDIR

AzərTAc xəbər verir ki, dekabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunda "Nüvə enerjisinin gələcəyin enerji təminatında rolu" mövzusunda beynəlxalq konfrans öz işini başa çatdırmışdır.
AMEA Radiasiya Problemləri İnstitutunun təşkil etdiyi, Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika nazirlikləri, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və Beynəlxalq Atom Enerjisi Agentliyi nümayəndələrinin qatıldıqları konfrans akademik Mahmud Kərimovun anadan olmasının 60 illik yubileyinə həsr olunmuşdur.
Konfransda mövzu ilə bağlı məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

 
CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS POZULMUŞDUR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 11-də saat 10.20-dən 10.35-dək Noyemberyan rayonunun Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini, saat 10.30-dan 10.45-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Məzəmli və Bağanis Ayrım kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 14.45-dək və 15.15-dən 15.45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tap Qaraqoyunlu, saat 20.20-dən 20.50-dək Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

 

 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1740 > 1749
  TKA 2008