TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
MÜSTƏQİL AZƏRBAYCAN YAŞADIQCA, ULU ÖNDƏR HEYDƏR ƏLİYEV DƏ ÜRƏKLƏRDƏ YAŞAYACAQDIR AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞDİR
Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının beşinci ildönümü günü – dekabrın 12-də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanı ziyarət edərək, xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allah-taaladan rəhmət diləyirdilər. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış Böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdi. Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, müxtəlif ölkələrin təmsilçiləri də Fəxri xiyabana gəlmişdilər. Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu. Azərbaycanın dövlət himni səsləndi. Dövlətimizin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoydu. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ümummilli liderimizin ruhuna dua oxudu. Ulu öndərin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
 
1 MİLYON BARREL HƏCMİNDƏ AZERİ LİGHT MARKALI XAM NEFT PARTİYASININ İXRACINA DAİR MARKETİNQ SORĞUSU ELAN EDİLMİŞDİR

AzərTAc xəbər verir ki, dekabrın 10-da ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu il yanvarın 20-25-də Ceyhan limanından 1 milyon barrel həcmində Azeri Light markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan etmişdir.
Sorğunun nəticələri dekabrın 13-də elan olunacaq.

 
2009-CU İLİN DÖVLƏT BÜDCƏSİ SOSİAL VƏ İNVESTİSİYA YÖNÜMLÜDÜR

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyev 2009-cu ilin dövlət büdcəsi haqqında qanunun tətbiqi ilə bağlı Fərman imzalamışdır.
Gələn il büdcə sosial və investisiya yönümlü olacaqdır. Xəzinənin gəlirləri 12 milyard 177 milyon, xərcləri isə 12 milyard 355 milyon manat müəyyən edilmişdir. Onun xərc hissəsində ilk yeri dövlət investisiya, hərbi, təhsil, sosial müdafiə, səhiyyə sahələri tutur. Sosial müdafiə fondunun xərcləri 1,8 milyard manata yaxın müəyyənləşdirilmişdir.
Gələn il ümumidaxili məhsul 43 milyard manata çatacaqdır. Bu, 2008-ci illə müqayisədə 18 faiz artım deməkdir. İnflyasiya isə 15 faiz həddində proqnozlaşdırılır.

 
ABŞ PREZİDENTİ AZƏRBAYCAN SÜLHMƏRAMLILARININ FƏALİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR

AzərTAc xəbər verir ki, ABŞ Prezidenti Corc Buş Azərbaycan hərbçilərinin İraqda uzunmüddətli xidmətini başa çatdırması münasibətilə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq məktubu göndərmişdir. Corc Buş Azərbaycan sülhməramlılarının 2003-cü ildən etibarən İraqda fəaliyyətini yüksək qiymətləndirir və buna görə Azərbaycan hökumətinə və xalqına Birləşmiş Ştatların dərin minnətdarlığını bildirir.
Məktubda vurğulanır ki, Birləşmiş Ştatlar dünyada digər ümumi maraqlar çərçivəsində Azərbaycanla əməkdaşlığı gələcəkdə də davam etdirməyi ürəkdən arzulayır.

 
MÜLKİ AVİASİYADA UÇUŞLARIN TƏHLÜKƏSİZLİYİ PRİORİTET MƏSƏLƏYƏ ÇEVRİLMİŞDİR

AzərTAc xəbər verir ki, dekabrın 11-də "Holidey İNN" hotelində Mülki Aviasiya və Hava Yollarından İstifadə üzrə Dövlətlərarası Sazişin iştirakçısı olan dövlətlərin səlahiyyətli nümayəndələri Şurasının 28-ci sessiyası keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Mülki
Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirmişdir ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü ilə təşkil olunmuş sessiyanın keçirilməsindən əsas məqsəd son zamanlar həm Rusiya, həm də digər MDB dövlətlərinin ərazisində baş verən qəzaların nəticələrinin araşdırılması, onların yekunları və problemlə əlaqədar beynəlxalq aviasiya komitələri tərəfindən verilən tövsiyələrin dinlənilməsidir.
Toplantıya "Azərbaycan Hava Yolları" baş pilotlarının və müvafiq strukturlarının əməkdaşlarının da dəvət olunduğunu diqqətə çatdıran A.Məmmədov qeyd etmişdir ki, müasir dövrdə təyyarələrdə təhlükəsiz uçuşu yüksək səviyyəyə qaldırmaq mülki aviasiyanın qarşısında duran ən prioritet vəzifələrdən biridir. A.Məmmədov demişdir ki, sessiyada hava gəmilərinin uçuşa yararlılığı, aviasiya bazarında liberallaşdırma və digər aktual məsələlər də müzakirə olunacaqdır.
Sessiyada iştirak edən MDB dövlətlərinin səlahiyyətli nümayəndələri cari ilin oktyabrında Beynəlxalq Mülki Aviasiya Təşkilatının aviasiya qəzalarının qarşısının alınması və baş vermiş hadisələrin tədqiqatı, bu sahədə regional əməkdaşlığın gücləndirilməsi, təhlükəsiz uçuşlara dair tövsiyələrin yerinə yetirilməsinə nəzarət mexanizminin yaradılması və digər məsələlərlə bağlı qəbul etdiyi əhəmiyyətli qərarların mühümlüyünü qeyd etmişlər.
Tədbirdə, həmçinin Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) nəzdində fəaliyyət göstərən Əlaqələndirmə Şurası tərəfindən aviasiya mütəxəssislərinin hazırlanması, aviasiya təhlükəsizliyinin yüksəldilməsinə dair görülən işlər barədə məlumat verilmiş, regionun mülki aviasiyasının inkişafına həsr olunmuş aktual məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 
<< Başlat < Önceki 1741 1742 1743 1744 1745 1746 1747 1748 1749 Sonraki > Son >>

Sayfa 1741 > 1749
  TKA 2008