TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
BERLİNDƏ QARABAĞ MÜNAQİŞƏSİNİN TƏNZİMLƏNMƏSİNƏ HƏSR EDİLMİŞ "DƏYİRMİ MASA" KEÇİRİLMİŞDİR
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 9-da Almaniya paytaxtında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə həsr edilmiş "Dəyirmi masa" keçirilmişdir.
Almaniyanın məşhur Konrad Adenauer Fondunda təşkil edilmiş tədbirdə əsas məruzəçi kimi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev çıxış etmişdir. O, "Qarabağ münaqişəsinin həlli modelləri" mövzusunda məruzəsində Ermənistan ilə Azərbaycan arasında münaqişənin tarixi köklərini, Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddialarının və sonradan ölkəmizə qarşı təcavüzünün mahiyyətini açıqlamışdır. Məruzəçi Azərbaycan ərazisinin xeyli hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və azərbaycanlılara qarşı etnik təmizləmə faktlarını xatırladaraq, məxsusi qeyd etmişdir ki, bu cür siyasət regional təhlükəsizlik və sabitlik üçün ciddi təhlükədir. Natiq vurğulamışdır ki, bu münaqişənin tənzimlənməsi məsələsində Bakının mövqeyi dəyişməz qalır - Ermənistan ordusunun nizami hissələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən, o cümlədən Dağlıq Qarabağdan dərhal çıxarılmalı, bu ərazilər üzərində Bakının suverenliyi bərpa edilməli, məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, Azərbaycanın iqtisadi strukturu çərçivəsində Dağlıq Qarabağ regionunun sosial-iqtisadi inkişafı və bu regiona Azərbaycan çərçivəsində veriləcək muxtariyyətdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşaması üçün şərait yaradılmalıdır.
Alim demişdir: "Azərbaycan onun ərazi bütövlüyünü şübhə altına alan danışıqlara heç vaxt və heç bir şərtlə getməyəcəkdir".
E.Nuriyev hədsiz uzanan bu münaqişənin həlli üçün əsas ola biləcək beynəlxalq hüquq sənədlərini də xatırlatmışdır. Bunlar BMT-nin Nizamnaməsi, 1975-ci il Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri, AŞPA-nın 1416 (2005) saylı qətnaməsi, BMT Baş Məclisinin A/RES/62/243 (2008) saylı Qətnaməsi, eləcə də ATƏT və Avropa Şurası çərçivəsində qəbul edilmiş digər sənədlərdir.
"Bütün bu sənədlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, onun beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığı təsdiqlənir"- deyən Nuriyev onu da əlavə etmişdir ki, ölkəmiz bu münaqişənin yuxarıda göstərilən prinsiplər əsasında dinc yolla tənzimlənməsi üçün bundan sonra da bütün təşkilatlarla, xüsusən ATƏT-in Minsk qrupu ilə əməkdaşlığı davam etdirəcəkdir.
"Dəyirmi masa"nın gedişində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin indiki vəziyyəti və inkişaf perspektivləri məsələlərinə dair qızğın diskussiya olmuşdur.
"Dəyirmi masa" görüşündə Konrad Adenauer adına Fondun rəhbərliyinin rəsmi nümayəndəsi Petr Hefel, almaniyalı politoloq, professor Yohannes Rau, Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov və tanınmış almaniyalı ekspertlər iştirak etmişlər.
 
BEYNƏLXALQ VALYUTA FONDUNUN MİSSİYASI AZƏRBAYCANA GƏLMİŞDİR
AzərTAc xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun büdcə missiyası Azərbaycanda səfərdədir.
Valeriya Sikeranın başçılıq etdiyi missiya dekabrın 10-dan 17-dək Maliyyə, İqtisadi İnkişaf nazirliklərində, Milli Bankda, Dövlət Neft Fondunda, bp-də və Dövlət Statistika Komitəsində görüşlər keçirəcəkdir.
 
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ QAZAX VƏ AĞDAMDA ATƏŞKƏSİ POZMUŞLAR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 9-da saat 16.00-dan 16.25-dək fasilələrlə Noyemberyan rayonunun Voskepar, Voskevan və Vazaşen, İcevan rayonunun Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 22.45-dən 22.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

 
AZƏRREYL ÇELENC KUBOKU TURNİRİNDƏ İLK GÖRÜŞDƏ QƏLƏBƏ QAZANMIŞDIR

AzərTAc xəbər verir ki, dekabrın 9-da Bakının "Azərreyl" voleybol klubu "Çelenc Kuboku" turniri çərçivəsində Macarıstanın "Betonut" komandasını ilk görüşdə məğlub etmişdir.
Bakı İdman Sarayında keçirilən görüşdə Azərbaycan voleybolçuları 3:2 (22:25, 25:19, 16:25, 28:26, 15:12) hesabı ilə qələbə qazanmışlar.
Bu komandalar arasında cavab görüşü dekabrın 18-də Macarıstanda olacaqdır.

 

 
BAKI-DÜŞƏNBƏ-BAKI HAVA REYSİ AÇILACAQDIR

Tacikistanın Azərbaycandakı səfiri Zakir Vəzirov AzərTAc-a bildirmişdir ki, dekabrın 20-də Bakı-Düşənbə-Bakı marşrutu üzrə təyyarə reysi açılacaqdır.
Hazırda Tacikistan hökuməti və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi arasında son danışıqlar aparılır.

 
<< Başlat < Önceki 1741 1742 1743 1744 1745 1746 Sonraki > Son >>

Sayfa 1742 > 1746
  TKA 2008