TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
VYANADA NÖVBƏTİ BEYNƏLXALQ BAZAR XEYRİYYƏ TƏDBİRİ KEÇİRİLMİŞDİR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Vyananın "Austria Center Vienna" konqres mərkəzində BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyası (UNWG) tərəfindən təşkil edilmiş "Beynəlxalq bazar" adlı növbəti xeyriyyə tədbiri keçirilmişdir.
Hər il olduğu kimi, bu il də Azərbaycan iki guşə - milli suvenirlər və milli mətbəx bölmələri ilə təmsil olunmuşdur. Tədbirdə Azərbaycanın Avstriyadakı səfirliyi əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın xanımları tərəfindən hazırlanmış milli mətbəximizin zəngin xörək və şirniyyatları minlərlə iştirakçıya nümayiş etdirilmişdir.
Bədii hissədə Bakı Xoreoqrafiya Məktəbinin yetirmələri xalq artisti Yusif Qasımovun rəhbərliyi ilə Azərbaycan milli rəqslərini ifa etmiş, tamaşaçılarda böyük maraq və xoş ovqat yaratmışlar. Gənc istedadların maraqlı ifası və tamaşaçıların təkidi nəzərə alınaraq, onlar əlavə rəqs nümunələri ilə təkrar səhnəyə çıxmışlar.
"Beynəlxalq Bazar"da, həmçinin bir sıra lotereya uduşları təşkil edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə Qız Qalasının təsviri olan tablo da uduşlar arasında olmuşdur.
Azərbaycan Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, ARDNŞ, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Bakı və Gəncə şəhərlərinin icra hakimiyyətləri, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), "Azər-İlmə" MMC, Avstriya Hava Yollarının Bakı nümayəndəliyi və "Gazelli" ətriyyat şirkəti "Beynəlxalq Bazar"dakı Azərbaycan guşəsinə sponsorluq etmişlər.
Avstriyada təhsil alan azərbaycanlı gənclərin yaratdığı "Azərbaycan Akademik Birliyi"nin fəalları ölkəmizin guşələrinin hazırlanmasında yaxından kömək göstərmişlər.
Əsası 1957-ci ildə qoyulmuş Birləşmiş Millətlər Qadınlar Gildiyası (UNWG) tərəfindən hər il Vyanada təşkil edilən "Beynəlxalq Bazar" xeyriyyə tədbirinin məqsədi toplanan vəsaitlə bütün dünyada ehtiyac içərisində yaşayan və əlil uşaqlara müxtəlif layihələr çərçivəsində yardım göstərməkdir. Bu tədbirdə müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər. Artıq neçənci ildir ki, Azərbaycanın uşaq təbabəti sahəsində fəaliyyət göstərən qurumları da qrant ayrılan təşkilatlar arasındadır.
"Beynəlxalq Bazar"da dünyanın 80-dən artıq ölkəsi, həmçinin beynəlxalq təşkilatlar, bir sıra donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunmuşlar. Tədbirə gün ərzində 40 minə yaxın ziyarətçi baş çəkmişdir.

 

 
LOS-ANCELESDƏ AZƏRBAYCAN-AMERİKA ELMİ FORUMU KEÇİRİLMİŞDİR
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərinin İrvayn Universitetində Azərbaycan-Amerika illik elmi forumu keçirilmişdir. Azərbaycan-Amerika Şurasının təşkil etdiyi bu akademik toplantı artıq 3-cü ildir Kaliforniya ştatının müxtəlif nüfuzlu universitetlərində keçirilir. Gün ərzində davam edən müzakirələr zamanı Azərbaycanla bağlı tədqiqat aparan gənc alimlərin təhlilləri akademik dairələrin nümayəndələri ilə yanaşı, Azərbaycan icması üzvlərini də cəlb edir. Bu dəfəki elmi yiğincağın məqsədi başa çatan 2008-ci ildə Azərbaycanın keçdiyi siyasi, iqtisadi və sosial inkişaf yoluna nəzər salmaqdır.
Müzakirələr milli kimlik və sosial inkişaf, geosiyasət, diplomatiya və təşkilatlanma, enerji, iqtisadiyyat və texnologiya kimi məsələləri əhatə etmişdir. Rusiya-Gürcüstan münaqişəsi və onun bölgəyə təsiri də diqqət mərkəzində olan məsələlərdən biri idi. Forumda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun direktoru Svante Kornel, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Azərbaycan-Amerika Şurasının prezidenti Cavid Hüseynov və digərləri çıxış etmişlər. Azərbaycan-Amerika elmi forumu çərçivəsində britaniyalı fotoqraf Kollin Rouzinin "Gözəl Bakının inkişafı" mövzusunda fotosərgisi nümayiş etdirilmişdir.
Forumla bağlı fikirlərini bildirən Svante Kornel demişdir: "Biz, hazırda həm Cənubi Qafqaz, həm də ABŞ üçün mühüm mərhələdəyik. Ağ evə yeni administrasiya gələrkən Gürcüstandakı müharibədən sonra bölgədə baş verənlər haqda məlumat yaymaq və təhlil vermək xüsusilə əhəmiyyətlidir. Bu cür tədbirlərin, tək Vaşinqtonda deyil, Birləşmiş Ştatların digər şəhərlərində də keçirilməsi Azərbaycan icmasını səfərbər edir, vacib elmi mərkəz olan universitetlərin professor və tələbə heyətinə Azərbaycanı tanıdır."
 
AZƏRBAYCANIN İRAQDAKI SÜLHMƏRAMLILARI VƏTƏNƏ QAYITMIŞLAR

AzərTAc xəbər verir ki, Azərbaycanın İraqdakı 150 sülhməramlısı dekabrın 7-də Vətənə qayıtmışdır. Onların 14-ü zabit, 16-sı gizir, 120-si isə əsgərdir.
Heydər Əliyev adına beynəlxalq hava limanında sülhməramlıları ABŞ-ın və İraqın Azərbaycandakı səfirləri Ann Ders, Ərşad Ömər İsmayıl, Müdafiə Nazirliyinin nümayəndələri və digər şəxslər qarşılamışlar.
Azərbaycan sülhməramlılarından ibarət bölük İraqın Əl-Anbar vilayətinin Əl-Hədithə şəhəri yaxınlığında su anbarını və ölkə ərazisinin 30 faizini elektrik enerjisi ilə təmin edən Su Elektrik Stansiyasını mühafizə etmiş, enerji obyektinin nəzarət-buraxılış məntəqələrində post-patrul xidmətində olmuşlar.
Bölük komandiri mayor Murad Eyyubov əsgər və zabitlərimizin xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini söyləyərək bildirmişdir ki, sülhməramlılarımız İraqda Azərbaycanı layiqincə təmsil etmişlər. Bizim əsas vəzifəmiz orada Su Elektrik Stansiyasının mühafizəsindən, burada işləyən mülki işçilərin və avtomobillərin yoxlanılması, patrul xidmətinin aparılması, Fərat çayının üzərindəki körpüdən keçən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsindən ibarət olmuşdur. Eyni zamanda burada yerləşən Koalisiya Qüvvələrinin təhlükəsizliyini də təmin etmişik. Bölüyümüz xidməti vəzifəsini yüksək səviyyədə yerinə yetirmişdir. Bölüyün şəxsi heyəti 3 medal, 163 fəxri fərman alaraq Vətənə qayıtmışdır. Bu da Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblərə cavab verməsini və yüksək nizam- intizamlı olmasını göstərir.
Bölük komandiri bildirmişdir ki, biz Koalisiya Qüvvələrinin komandanlığı ilə tez-tez görüşmüşük və hər dəfə onlar bizim bölüyün yüksək nizam-intizamını və döyüş bacarığını qeyd etmişlər.
İraqda Azərbaycanı layiqincə təmsil etdiklərini deyən baş leytenant Rəfael Mahmudov bildirmişdir ki, əsgəri borcumuzu Vətəndən uzaqlarda yerinə yetirsək də Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını həmişə hiss etmişik və bu bizə ruh yüksəkliyi vermişdir.
Peşəkarlığa və üstün xidmətə, tapşırıqları vaxtında yerinə yetirdiklərinə, yüksək döyüş hazırlığı və mənəvi keyfiyyətlər, eləcə də nizam-intizam nümayiş etdirdiklərinə görə Azərbaycan sülhməramlıları dəfələrlə fəxri diplomlarla təltif olunmuş, komandanlıq tərəfindən digər mükafatlara layiq görülmüşlər.
ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders bildirmişdir ki, Azərbaycan sülhməramlıları İraqda böyük bir işin öhdəsindən layiqincə gəlmişlər. Mən ABŞ-ı təmsil edən Dəniz Piyadaçıları ilə danışıqlarımda Azərbaycan əsgərlərinin həqiqətən də dünya səviyyəsində bir iş gördüklərini öyrəndim. Azərbaycan belə əsgərləri olduğuna görə qürur hissi duymalıdır.
İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayıl ölkəsində şərəflə xidmət edən Azərbaycan əsgərlərini təbrik etmişdir. O, İraqın mühüm əhəmiyyətə malik obyektlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycanın göstərdiyi köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Xatırladaq ki, Milli Məclis səlahiyyət müddəti başa çatdığına görə bu ilin noyabrında "Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında" Qərar qəbul etmişdir.

 
TÜRMƏNİSTANIN MÜVAFİQ MÜƏSSİSƏLƏRİ İLƏ ƏMƏKDAŞLIQLA BAĞLI RAZILIQ ƏLDƏ OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə AzərTAc-a bildirmişdir ki, Türkmənistan Neft-Qaz Sənayesi və Təbii Ehtiyatlar Nazirliyi, "Türkmənqaz" Dövlət Konserni, Neft və Qaz İnstitutu, Geoloji Kəşfiyyat Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıqla bağlı razılıq əldə olunmuşdur.
Bundan əlavə, Tayvan Hidrogeoloji və Hidroloji Laboratoriyası ilə əməkdaşlıq sazişi imzalanmışdır. Sənəddə Azərbaycan və Tayvanda arsenli yeraltı suların əmələ gəlməsini öyrənmək üçün birgə tədqiqatlar aparılması nəzərdə tutulur.
 
TÜRK ŞİRKƏTLƏRİ AZƏRBAYCANIN QEYRİ-NEFT SEKTORUNA 840 MİLYON ABŞ DOLLARI MƏBLƏĞİNDƏ SƏRMAYƏ YATIRMIŞLAR

İqtisadi inkişaf naziri Şahin Mustafayev AzərTAc-a bildirmişdir ki, hazırda 400-dən çöx türk şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Bu şirkətlərdə 5 min türk və 50 mindən çox Azərbaycan vətəndaşı çalışır. 1995-2007-ci illərdə Azərbaycanın qeyri-neft sektoruna türk şirkətləri tərəfindən 840 milyon ABŞ dolları məbləğində sərmayə yatırılmışdır.
Son illərdə sürətlə inkişaf edən Azərbaycan da, öz növbəsində, Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunu artırır. "Petkim" şirkətinin səhmlərinin ARDNŞ tərəfindən alınması buna misal ola bilər.

 
<< Başlat < Önceki 1741 1742 1743 1744 1745 1746 1747 1748 1749 Sonraki > Son >>

Sayfa 1747 > 1749
  TKA 2008