TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Hikmət Babaoğlu: AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin şantaj mexanizmləridir
Bakı, 26 aprel, AZƏRTAC AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin milli dövlətlərə təzyiq etmək, onları şantaj etmək üçün yaratdığı xüsusi mexanizmlərdir. Zahirən insan hüquqları və azadlıqları kimi qlobal dəyərləri müdafiə edən mühüm bir Avropa strukturu kimi görünən bu təşkilatlar əslində imperializmin maraqlarına xidmət edir. Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını AZƏRTAC-a şərh edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Hikmət Babaoğlu deyib: “Mexanizm belə qurulub ki, əvvəlcə ayrı-ayrı dövlətlər bu cür qurumlara cəlb olunur və onlara ümumi öhdəliklər qəbul etdirilir. Sonra isə planın ikinci əsas hissəsi işə düşür. Bu mərhələdə öz məqsədlərinə çatmaq, yəni, dövlətləri öz istəklərinə uyğun şəkildə idarə etmək, onları istismar etmək üçün addımlar atılır. Buna etiraz edilən zaman isə dərhal həmin ölkə insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi qələmə verilir və şantaja məruz qalır. Bu metod xüsusilə müsəlman ölkələrinə qarşı tətbiq edilir. Əgər konkret ifadə etməyə çalışsaq, Avropa İttifaqının bütün struktur vahidləri, o cümlədən AŞPA müsəlman ölkələrinə qarşı əməlli-başlı siyasi terror müharibəsi aparır. Onlar, belə demək mümkündürsə, insan hüquq və azadlıqları silahı ilə hücum edir, Yaxın Şərqdə başlatdıqları idarəolunan xaos müharibəsini bütün müsəlman ölkələrinə yaymağa çalışırlar. Bu hibrid müharibə növü Qərb imperializminin düşünüb tapdığı ən qəddar, ən amansız və ən əxlaqsız müharibədir. Bu müharibə idarəolunan xaos nəzəriyyəsinə və vətəndaşların insan hüquqları adı ilə aldadılaraq öz əlləri ilə qurduqları dövləti yıxmağa əsaslanır. Bundan sonra isə həmin ölkənin dövləti həmin xalqın başına uçurulur və bütün sərvəti talan edilir. Ötən ilin 15 iyul hadisələri də Türkiyəni imperializmin yeni müharibə poliqonuna çevirməyə hesablanmışdı. Ancaq türk xalqı Qoca qitənin bu hiyləsinə aldanmadı. Əksinə, referendum qərarı alaraq öz milli dövlətini bir qədər də gücləndirdi. İndi Avropa bunun əvəzini çıxmağa çalışır. Ona görə də AŞPA vasitəsilə belə bir siyasi şantaj həyata keçirir”. Milli Məclisin deputatı qeyd edib ki, belə şantajlara Azərbaycan da zaman-zaman məruz qalıb. Siyasi məhbus manipulyasiyası, məşhur Ştrasser monitorinqi kimi siyasi şoular hamımızın xatirindədir. Məqsəd Azərbaycana Qarabağı unutdurmaq, işğalçı Ermənistan tərəfindən hər cür hüquqları pozulan bir milyondan çox azərbaycanlının hüquqlarının bərpasını gözardı etmək, Azərbaycanda siyasi xaos yaratmaqla milli dövlətimizi zəiflətmək idi. Hazırda eyni siyasət Türkiyəyə qarşı aparılır. Çünki Qərb imperializmi islamofob fəlsəfə ilə idarə olunur. Müsəlman Şərqində apardıqları müharibə də onların gözündə növbəti səlib yürüşüdür. Bu yürüşün zəfərlə bitməsinə isə başlıca maneə Türkiyədir. Məsələnin kökündə bu dayanır. Ona görə, bundan sonra da Qərb imperializminin hücumları davam edəcək. “Çox mürəkkəb və həssas bir tarixi mərhələdən keçirik və çox ayıq olmalıyıq. Yeni birliklər yaratmalıyıq. TürkPA, Türk Şurası kimi təşkilatlarımızı gücləndirməli və birgə addımlar atmalıyıq. Bunu dəstəkləyən güclü iqtisadiyyat və hərbi sənaye qurmalıyıq. Əks təqdirdə, Qərb imperializminin müharibə maşını bundan sonra da bir çox xalqların milli dövlətlərini əllərindən almağa davam edəcək”, - deyə H.Babaoğlu bildirib.
 
  TKA 2008