TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Seyid Ziya Haşemi: İRNA beynəlxalq informasiya məkanında xüsusi mövqeyə malik AZƏRTAC-la əməkdaşlığa böyük önəm verir
AZƏRTAC və İRNA arasında əlaqələr həmişə yüksək səviyyədə olub. Bu əlaqələr Azərbaycan ilə İran arasında informasiya sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verir. Bu fikirlər İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşeminin rəhbərliyi ilə VI Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan nümayəndə heyətinin oktyabrın 24-də AZƏRTAC-da keçirilən görüşündə səslənib. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr ildən-ilə inkişaf edir. İran Azərbaycanın yaxın qonşusu, dost ölkədir. “Biz İrana aid xəbərlərə böyük həssaslıqla yanaşırıq. Azərbaycan və İran qədim tarixi əlaqələrə, ortaq mədəniyyətə malikdir. Xalqlarımız arasında münasibətlərin dərinləşməsində hər iki ölkənin milli informasiya agentlikləri mühüm rol oynayır”, - deyən İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan bütün sahələrdə uğurla, dinamik inkişaf edir, qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib. Ölkəmizdə mətbuatın inkişafına böyük önəm verilir. Bu gün Azərbaycan dünyaya müxtəlif sahələrdə öz modelini, brendlərini təqdim edir. Aslan Aslanov AZƏRTAC ilə İRNA-nın beynəlxalq informasiya qurumları çərçivəsində də bir-birini dəstəkləməsinin təqdirəlayiq olduğunu qeyd edib. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən İRNA-nın baş direktoru Seyid Ziya Haşemi beynəlxalq informasiya məkanında xüsusi mövqeyə malik AZƏRTAC-la əməkdaşlığa böyük önəm verdiklərini deyib. O, OANA İcraiyyə Komitəsinin Tehranda keçirilən iclasını, bu iclas çərçivəsində OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşünü xatırladıb, beynəlxalq informasiya qurumları çərçivəsində İRNA-ya verilən dəstəyə görə minnətdarlığını bildirib. “AZƏRTAC ilə İRNA arasında sıx əlaqələr digər ölkələrin media qurumları üçün nümunədir. İran-Azərbaycan əlaqələri hər iki ölkənin prezidentlərinin iradəsi ilə yüksələn xətlə inkişaf edir. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətləri daha da möhkəmlənəcək. Agentliklərimiz də öz növbəsində bu əməkdaşlığın inkişafına töhfə verməyə çalışırlar”, - deyə Seyid Ziya Haşemi əlavə edib. İRNA-nın baş direktoru VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində müzakirə olunacaq mövzuların müasir dünyada xüsusi aktuallıq kəsb etdiyini deyib, AZƏRTAC-ın təşkilatçılığı ilə “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda keçiriləcək işçi sessiyanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün həm İran, həm də Azərbaycan düşmən qüvvələrin yaydığı yalan xəbərlərdən əziyyət çəkirlər. Ona görə də belə xəbərlərin təsirinin minimuma endirilməsi üçün birgə səylər göstərilməlidir. Görüşdə yanlış məlumatlandırma siyasətinin dünyada sülhə və sabitliyə ciddi təhdid olduğu qeyd edilib. İRNA-nın nümayəndə heyətinə erməni lobbisinin Azərbaycan haqqında davamlı olaraq yalan xəbərlər yayması, Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında vəhşiliklər törədir, dini və milli abidələrimizi məhv edirlər. Tərəflər, həmçinin AZƏRTAC ilə İRNA arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 
  TKA 2008