TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİ İNKİŞAF ETDİRİLİR

AzərTAc xəbər verir ki, dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elm Fondunun (AMEF) "Elm, texnologiya və sahibkarlıq" proqramı çərçivəsində biznes vençur (riskli investisiya) konfransı keçirilmişdir.
AMEF-in direktoru Fuad İsmayılov AMEA-nın, İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun (MTİF) dəstəyi ilə həyata keçirilən proqram barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda artıq üçüncü dəfə həyata keçirilən proqramın məqsədi respublikamızın sosial-iqtisadi inkişafı üçün ölkə alimlərinin potensialından, elmin nailiyyətlərindən istifadə etməklə elmlə iqtisadiyyatın vəhdətini təmin etmək, elmi ideyaların, işləmələrin istehsalatda tətbiqinin təşkili yollarını müəyyənləşdirməkdir. Layihənin birinci hissəsi bu il iyulun 15-də "Azərbaycanda innovasiya sahibkarlığının dəstəklənməsi" mövzusunda keçirilmiş elmi-praktiki konfransla başa çatmışdır. Həmin tədbirdə alimlərin innovasiya yönümlü layihələri üzrə məruzələri dinlənilmiş, onların iş adamları ilə görüşləri olmuşdur. Yaranmış işbirliyi əsasında alimlərin hazırladıqları 20 yeni biznes layihəsindən 10-u yarımfinal mərhələsinə buraxılmışdır. Münsiflər heyətinin son mərhələdə seçəcəyi beş layihə isə MTİF-in qrantını alacaqdır.
MTİF-in proqram meneceri Natalia Pipia bildirmişdir ki, təşkilatın əsas məqsədi beynəlxalq elmi və texniki əməkdaşlığı, xüsusən də ABŞ və Avrasiya arasında mövcud əməkdaşlığı qrantlar, texniki yardım və məşğələlər vasitəsilə inkişaf etdirməkdir. Bugünkü konfrans biznes sahəsində birgə əməkdaşlıq və investisiya kimi məsələlərə dəstək məqsədilə təşkil olunmuşdur. Qaliblər nəticələr əldə edildikdən sonra elan olunacaqdır. Bununla da biznes və texnologiya mütəxəssisləri arasında şəbəkənin qurulması istiqamətində ilk addım atılacaqdır.
Sonra "Neftli-qazlı yataqlardakı süxurların məhsuldarlıq səviyyəsinin proqnozu", "Yeni külək elektrik qurğusu", "Azərbaycan dilində nitqin sintezi sisteminin yaradılması", "İnnovasiya sahibkarlığının inkişaf etdirilməsində fərdi elektron-kommersiya texnologiyalarının tətbiqi sisteminin təkmilləşdirilməsi və həmin sahədə müvafiq təlim kurslarının, konsaltinq xidmətlərinin həyata keçirilməsi", "Azərbaycan fermerlərinə kömək: kənd təsərrüfatı bitkilərində xəstəliklərin molekulyar diaqnostikası, torpaqda və məhsulda radionuklid tərkibinin tədqiqi" və s. mövzularda layihələrin təqdimatı olmuşdur.

 

 
  TKA 2008