TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



GÖRKƏMLİ TARİXÇİ VƏ ŞƏRQŞÜNAS ERİX FAYQLIN İPƏK YOLU ODLAR YURDUNDAN KEÇƏRƏK - AZƏRBAYCAN TARİXİ KİTABI AVSTRİYADA NƏŞR OLUNMUŞDUR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, avstriyalı tarixçi, görkəmli şərqşünas, professor Erix Fayqlın (1931-2007) "İpək Yolu Odlar Yurdundan keçərək - Azərbaycan tarixi" kitabı Avstriyada alman dilində işıq üzü görmüşdür.
Nüfuzlu "Amalthea" nəşriyyatında nəfis tərtibatda hazırlanmış kitabda mərhum alimin ömrünün son illərində Azərbaycan tarixi ilə bağlı apardığı araşdırmalar öz əksini tapmışdır.
Kitab professor Erik Fayqlın yaxın dostu, yazıçı-alim, publisist, professor Adolf Opel tərəfindən üzərində tamamlama işləri aparılaraq nəşr edilmişdir.
1995-ci ildən etibarən Azərbaycana mütəmadi tədqiqat səfərləri edən, qaçqın düşərgələri və cəbhə xəttində vəziyyətlə yaxından tanış olan, müxtəlif ölkələrdə mövzu ilə bağlı araşdırmalar aparan E.Fayql kitabda arxiv sənədləri və fotomateraillara da geniş yer vermişdir.
Azərbaycan tarixinin ən mühüm dövrlərini özündə əks etdirən əsərin əsas fəsli Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdur. Fəsildə ən qədim dövrlərdən xanlıqlar dövrünədək Qarabağın tarixi, ermənilərin ilk dəfə bu ərazilərə kütləvi şəkildə köçürülməsi, bədnam "Böyük Ermənistan" xülyasının kökləri, müxtəlif terrorçu təşkilatların sayəsində erməni millətçilərinin bu istiqamətdə apardığı fəaliyyət, XX əsrin müxtəlif zaman kəsiklərində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları və torpaqların qəsb edilməsi tarixi faktlar əsasında təsvir edilir. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ötən əsrin 90-cı illərindən 2006-cı ilədək, müfəssəl xronoloji ardıcıllıq gözlənilməklə, oxucuların diqqətinə çatdırılır. Kitabda, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində münaqişənin sülh yolu ilə həllinə çalışması qeyd edilir.
Kitabın digər fəsillərində Azərbaycan tarixinin əsas məqamları önə çəkilir: Qobustan, Azərbaycan dilinin tarixi, Babək, müasir Azərbaycan, Azərbaycan mədəniyyət tarixi və s. mövzular öz dolğunluğu ilə fərqlənir.
Kitabda son iki onillikdə kiçik postsovet ölkəsindən yerləşdiyi regionun geosiyasi səhnəsində aparıcı rol oynayan dövlətə çevrilmiş Azərbaycanda gedən inkişafdan da geniş söz açılır. Avropa və Asiyanın qovuşduğu nöqtədə yerləşən Azərbaycanın Prezident İlham Əliyevın rəhbərliyi ilə, öz milli mənəvi dəyərlərini unutmadan, Avropanın taleyi ilə sıx bağlı bir gələcəyə doğru inamla irəlilədiyi qeyd edilir.
Avropada Azərbaycan tarixinə dair ilk fundamental əsər olan, tutarlı mənbələrə söykənən və oxunaqlı "İpək Yolu Odlar Yurdundan keçərək - Azərbaycan tarixi" kitabı sayəsində avropalı oxucular Azərbaycan tarixi və həqiqətləri barədə zəngin məlumatlar əldə edə biləcəklər.
Qeyd edək ki, nəşriyyatın payız kataloqunda elan edilən kitab avropalı oxucularda böyük maraq doğurmuş və nəşr olunanadək nəşriyyata yüzlərlə sifariş daxil olmuşdur.

 

 
  TKA 2008